Biləsuvar rayonunda pambıqçılığın inkişafı ilə bağlı görüş
28 yanvar 2016-cı il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində pambıqçılığın inkişafı ilə bağlı kənd təsərrüfatı mütəxəssislərı və mülkiyyətçilərilə görüş keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Salyan filialının müdiri Vaqif İslamov, rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının, pambıq emalı zavodlarının rəhbərləri icra nümayəndələri, bələdiyyələr, kənd təsərrüfatı mütəxəssisləri, sahibkarlar və mülkiyyətçilər iştirak etdi.
Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirdi ki, dünyada neftin qiymətinin günü-gündən aşağı düşməsi ölkəmizdə qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının inkişafını zəruri edir. Kənd təsərrüfatının ən gəlirli sahələrindən olan pambıqçılığın dirçəldilməsi artıq zamanın tələbidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransdakı çıxışında da ölkə başçısı kənd təsərrüfatının, xüsusən pambıqçılığın inkişafının mühümlüyündən danışaraq qeyd etdi ki, “Biz pambıqçılıqla daha geniş məşğul olmalıyıq. Pambıqçılıq həm çoxlu sayda iş yeri, həm də valyuta gətirən məhsul deməkdir. Pambığı yığan insanlara verilən pul artırılmalıdır”.
Respublikamızda sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi ilə bağlı Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonumuzda bu istiqamətdə bundan sonra da görüləcək işlər müəyyənləşdirilmiş, sahibkarlar və mülkiyyətçilərlə müvafiq söhbətlər aparılaraq onların problemləri dinlənilir.Mahir Quliyev Biləsuvar rayonunun kənd təsərrüfatı rayonu olduğunu qeyd edərək bildirdi ki, xüsusilə pambıqçılıq Biləsuvar rayonunda becərilən ənənəvi kənd təsərrüfatı sahəsidir. Sovetlər dövründə rayonda pambıqçılıq ən inkişaf etmiş kənd təsərrüfatı sahəsi olmaqla əhalinin əsas gəlir mənbələrindən olmuşdur. 1980-1985-ci illərdə pambıq əkini 14000 hektardan çox olmaqla, 37 min tondan çox xam pambıq məhsulu istehsal edilmişdir.
Pambıqçılığın inkişafı üçün Biləsuvar rayonunun əlverişli torpaq-iqlim şəraiti vardır. Həmçinin becərilən ənənəvi sahə olduğundan əhalinin bu sahədə təcrübə və marağı vardır.
Müstəqillik illərində də Biləsuvar rayonunda əhali tərəfindən pambıq həmişə becərilmiş və əsas məşğulluq sahələrindən biri olmuşdur. Kənd təsərrüfatı sahəsində aparılan islahatlardan sonra da bu sahəyə maraq azalmamışdır.2005-2006 və 2011-ci illərdə Biləsuvar rayonunda 10 min hektardan çox sahədə pambıq əkini aparılmış və ən yüksək halda əhali tərəfindən 18 min tona yaxın xam pambıq məhsulu istehsal edilmişdir.
Son illər pambığın alış qiymətinin aşağı olması və hektara çəkilən xərclərin artması gəlirlərin azalmasına səbəb olduğundan torpaq mülkiyyətçilərində bu sahəyə maraq müəyyən qədər azalmışdır.
Ölkə başçısının tapşırığına əsasən pambıqçılığın əhalinin məşğulluğunun təmin olunmasında vacib sahələrdən biri olduğunu qeyd etməsi və verilən tapşırıqlar əsasında pambığın alış qiymətinin artırılması bu sahənin yenidən inkişafı üçün zəmin yaradacaqdır.
Burada pambıqçlığın inkişafı üçün əlverişli iqlim şəraitindən əlavə digər resurslarda vardır.Rayonda fəaliyyət göstərən 2 pambıqtəmizləmə zavodunun, pambıq sahələrinin becərilməsində və məhsul yığımında istifadə olunan ixtisaslaşmış çoxsaylı texnikaların olması, bu sahədə böyük potensiala malik təcrübə və marağı olan işçi qüvvəsinin olması pambıqçılığın rayonda inkişafına daha da böyük imkanlar yaradır.
Pambıqçılıqda düzgün becərmə işlərinin görülməsi və suvarmalar həlledici rol oynayır. Bunun üçün də aidiyyəti suvarma təşkilatlarının da üzərinə çox mühüm vəzifələr düşür. Həmin təşkilatlar indidən özlərinin balansında olan kanalların, maşın-mexanizmlərin, hidrotexniki qurğuların, nasos və mühərriklərin yenidən qurulması və hazır vəziyyətə gətirilməsinə səfərbər olmalıdırlar.
M.Quliyev bildirdi ki, pambıqçılıqla məşğul olan fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı müəyyən tədbirlər hazırlanır. Mülkiyyətçilərlə pambıq emalı müəssisələri müqavilə bağlayacaq ki, bu da fermerlərin məhsullarını hara təhvil verməli olacaqlarını biləcəklər.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransdakı çıxışında pambığın qiymətinin aşağı olmasına toxunan ölkə başçısı qiymətlərə yenidən baxılmasını tövsiyyə etdi ki, bu da pambıq istehsalının artmasına gətirib çıxaracaq və pambıqçılığın inkişafını stimullaşdıracaq”.
“Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Salyan filialının müdiri Vaqif İslamov çıxış edərək bildirdi ki, rayonlarda aqrar sahənin, xüsusilə pambıqçılığın inkişafı ilə bağlı Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mülkiyyətçilərə kənd təsərrüfatı kreditlərin verilməsi və bu sahədə maarifləndirmə işlərinin aparılmasına köməkliklər göstərirlər.Hər bir mülkiyyətçi bu məsələlərlə bağlı təşkilata müraciət edə bilər.
Görüşdə çıxış edən pambıq mülkiyyətçiləri bu sahənin inkişafı ilə bağlı cənab Prezidentin diqqəti və qayğısını razılıq hissi ilə qarşıladıqlarını bildirdilər və görülən bütün bu işlərin sonda ölkə vətəndaşlarının həyat şəraitinin yaxşılaşmasına xidmət etdiyini qeyd etdilər.Ayrı-ayrı mülkiyyətçilər tərəfindən qeyd olunan problemlər ümumləşdirilərək icrası nəzarətə götürüldü.
1551 dəfə oxundu