“İnfeksion xəstəliklərin yayılmasına bu ölkələr səbəb olur...” — AÇIQLAMA

“İnfeksion xəstəliklərin yayılmasına bu ölkələr səbəb olur...” —
Meymunçiçəyi virusu Afrikadan dünyaya yayılmaqdadır. Ölkələr artıq qabaqlayıcı tədbirlər görməyə başlayıb. Bəzi ölkələr meymunçiçəyi virusunun yayılmasının qarşısını almaq məqsədilə xarici vətəndaşlar üçün tibbi müayinə prosedurlarını sərtləşdirir, sərhədlərdə nəzarət gücləndirilir, ölkəyə gələnlərə sorğu anketləri təqdim olunur.

Professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında deyib ki, dünya səhiyyəsi fövqəladə vəziyyətə hazır olmalıdır.

Onun sözlərinə görə meymunçiçəyi virusunun indiki yayılmış variantı mutasiyaya uğramış variantdır və nisbətən ağırdır:

“Əvvəlki illərdə xırda epidemik ocaqlar var idi, bəzi ölkələrdə homoseksuallar arasında virus az da olsa yayılmışdı. Amma bu vəziyyət qısa müddətdə lokallaşdırıla bildi. İndiki variant isə təmasla yayılır, insanların bir-birinə təmas etməsi, yaxın məsafədən söhbət etməsi ilə də yayıla bilər. Meymunçiçəyi virusu keçən əsrin 70-ci illərində insanlarda aşkar edildi.

Dünyanın 4 qorxulu karantin infeksiyalarından birinin oxşarıdır, bunlar vəba, taun, təbii çiçək və sarı qızdırmadır, meymunçiçəyi təbii çiçək infeksiyasının bir formasıdır.

Təbii çiçək daha təhlükəli formadır, meymunçiçəyi virusunun indiki variantı da görünür ki, yoluxma tendensiyası çox olan variantdır. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə vəziyyət elan edib və dövlət səhiyyə qurumlarını, ictimai səhiyyə qurumlarını bu vəziyyətə hazır olmağa çağırıb”.

Ekspert bildirib ki, xəstəliyin yerində lokallaşdırılması üçün bütün vasitələrdən istifadə edilməlidir:

“Hələlik epidemiya ocağı Afrikadadır, amma yavaş-yavaş yayılmaqdadır. Ona görə də karantin elan edilməli, həmin zonalarda giriş-çıxış ciddi nəzarətə götürülməli, xəstələrin hərəkəti məhdudlaşdırılmalı və müalicəyə cəlb edilməlidirlər. Problem ondan ibarətdir ki, xəstəliyi aşkara çıxarmaq üçün spesifik test yoxdur. Çünki qanda antitellərin aşkar edilməsinə hesablanan testlər spesifik deyil. İnsanların çoxu təbii çiçək infeksiyasına qarşı vaxtilə peyvənd olunublar, qanlarında bu virusa qarşı antitellər yaranıb. Xəstəlik gizli şəkildə 3 həftəyə qədər davam edə bilər.

Bundan sonra yüksək hərarət, kəskin zəiflik, baş, bel ağrıları ilə ilkin əlamətlər özünü göstərir, dəridə ağ və yaşıl maye ilə dolu qabarcıqlar əmələ gəlir, bu zaman artıq diaqnoz qoyulur. Xəstəliyin spesifik dərmanı yoxdur, güman edilir ki, təbii çiçək üçün nəzərdə tutulan dərmanlar burada da effektiv ola bilər. Vaksin olaraq da təbii çiçək vaksinindən istifadə etmək olar, xüsusi vaksin hazırlamaq üçün zamana ehtiyac var”.

Adil Qeybulla hesab edir ki, əsas diqqət profilaktikaya yönəlməlidir:

“İnsanlar diqqətli olmalıdırlar, sərhəd keçid zonalarında nəzarət gücləndirilməlidir. Xaricdən ölkəyə gələnlər üçün sorğu paketləri təqdim olunmalıdır, əhali maarifləndirilməlidir, xəstəliyin aşkar olunduğu məqamda dərhal xəstələr karantinə götürülməlidir.

ÜST təcili açıqlama verməlidir, xüsusi təlimatlar hazırlanmalıdır ki, dünya məlumatlı olsun. Səhiyyənin yetəri qədər inkişaf etmədiyi üçüncü dünya ölkələri var, onlarda xəstəliyin yayılması üçün əlverişli şərait mövcuddur. Adətən infeksion xəstəliklərin yayılmasına elə bu ölkələr səbəb olur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
255 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...