Biləsuvar və Astara sərhəd-keçid məntəqələri 24 saat işləyəcək

Biləsuvar və Astara sərhəd-keçid məntəqələri 24 saat işləyəcək


Biləsuvar və Astaradakı sərhəd-keçid məntəqələri 24 saat işləyəcək. APA-nın məlumatına görə, bu barədə Azərbaycan və İran gömrük xidmətlərinin İranın Culfa və Azərbaycanın Naxçıvan şəhərində yüksək vəzifəli şəxsləri arasında keçirilən ikitərəfli görüşdə razılıq əldə olunub.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, İran tərəfdən isə İran İslam Respublikası Gömrük İdarəsinin Beynəlxalq münasibətlər idarəsinin rəisi Əhəd Pərahan və digər rəsmilərin iştirak etdiyi görüşdə əməkdaşlığın genişləndirilməsinin sərhəd-keçid məntəqələrində gömrük xidmətinin keyfiyyətinin artırılması baxımından xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb.

Tərəflər gömrük qanunvericiliyinə edilən dəyişikliklər barədə mümkün qədər qısa zamanda məlumat mübadiləsinin həyata keçirilməsi, Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat işləməsi, İran İslam Respublikasının Biləsuvar sərhəd-keçid məntəqəsinin yük xəttinin cümə günləri fəaliyyət göstərməsi, eləcə də hər iki ölkənin ərazisində müvafiq tranzit daşımaları zamanı ortaya çıxan problemlərin aradan qaldırılması istiqamətində işlərin davam etdirilməsinə dair razılığa gəliblər.

Gündəlikdə duran məsələlər üzrə aparılmış müzakirələrin yekunu olaraq gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında hökumətlərarası sazişin layihəsi də razılaşdırılıb.

Həmçinin “Məlumat mübadiləsi sistemi” haqqında texniki təminat sənədi paraflandırılaraq pilot layihə kimi istifadəsinə dair razılıq əldə olunub. Bu sənədə əsasən, Azərbaycandan İran ərazisinə və əks istiqamətdə keçən mallar barədə elektron məlumat mübadiləsi aparılacaq. Bu isə sərhəd-keçid məntəqələrində gömrük rəsmiləşdirilməsi prosesinin və avtomaşınların keçidinin sürətlənməsinə şərait yaradacaq, düzgün bəyan etməmə kimi halların qarşısı alınacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1087 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...