Vasif Talıbov “NAZ Lifan”la bağlı xüsusi tapşırıq verdi
Fevralın 10-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olub. GUNDEMINFO.AZ AzərTAc-a istinadən bildirir ki, görüşdən sonra Ali Məclisin sədri Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxıb.
Sərgi salonunda 97 müəssisənin 136 növdə və 916 çeşiddə məhsulu, müxtəlif sənətkarlar tərəfindən hazırlanan əl işləri və rəsm əsərləri nümayiş olunub. Həmçinin burada Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi qoyulub. Bildirilib ki, muxtar respublikada dövlət maliyyə dəstəyi və sahibkarların şəxsi vəsaiti hesabına ötən il 63 istehsal və xidmət sahəsi yaradılıb. Hazırda muxtar respublikada kənd təsərrüfatı, metallurgiya, kimya, qida və emal sənayesi sahələri üzrə 24 istehsal, eləcə də 7 xidmət sahəsinin yaradılması istiqamətində işlər davam etdirilir.
Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillərə baxış zamanı bildirilib ki, zavodda tələbata uyğun, eləcə də sifariş əsasında 12 modeldə avtomobil istehsal olunur. Müasir təchizatı, dizaynı və interyeri ilə seçilən, avtomatik və mexaniki sürət qutusu ilə təchiz olunan minik avtomobilləri AVRO-5 standartlarına cavab verir. Bu da yerli tələbatı ödəməklə yanaşı, həm də ixrac potensialı yaradır. Rahat və keyfiyyətli olması, sərfəli kredit və münasib qiymətlərlə təklif edilməsi, eyni zamanda, ehtiyat hissələrinin satışının həyata keçirilməsi alıcıların bu avtomobillərə üstünlük verməsinin əsas səbəblərindəndir. Gələcəkdə müəssisədə tələbata uyğun olaraq yeni modellərin yığılmasına da başlanılacaq.
Ali Məclisin sədri zavodda keyfiyyət amilinə ciddi diqqət yetirilməsi və avtomobillərin ehtiyat hissələrinin istehsalına başlanılması barədə tapşırıq verib.
1100 dəfə oxundu