Metronun daha bir stansiyasında ticarət obyektləri olacaq -
Bir neçə gündür metronun "Neftçilər" stansiyasının keçidlərində təmir işlərinə başlanılıb. Stansiyanın ikinci vestibülünün keçidlərinin divarlarında istismar müddətini başa vurmuş örtük sökülüb. Yeni layihəyə əsasən, keçidlərin divarlarında stansiyanın adına uyğun mozaik lövhələrin yaradılması nəzərdə tutulub. GUNDEMİNFO.AZ musavat.com-a istinadən bildirir ki, təmir işləri aparılarkən sərnişinlərin təhlükəsiz şəkildə keçidlərdən istifadəsi üçün də şərait yaradılıb.
"Neftçilər" metrostansiyasından əlavə, "Bakı metropoliteni" QSC sədrinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, "Nizami" stansiyasının qatar yolu divarlarında mərmər örtüyün dəyişdirilməsinə də başlanılıb. Xatırladaq ki, Zaur Hüseynov "Bakı Metropoliteni" QSC-yə rəis təyin edildikdən sonra metro stansiyalarında aparılan təmir işlərindən sonra yeni ticarət obyektlərinin də açılışına başlanılıb. Təmirdən sonra "28 May", "Nəriman Nərimanov", "Koroğlu", "Gənclik" "İnşaatçılar" və bir neçə metrostansiyanın keçidlərində yeni mağazalar istifadəyə verilib.
"Neftçilər" metrosunda da təmirdən sonra ticarət köşklərinin açılıb-açılmayacağına gəlincə isə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirdi ki, bu məsələ nəzərdən keçirilir və təmir işləri başa çatdıqdan sonra qərar veriləcək: "Hazırda stansiyanın ərazisində təmir işləri davam etdirilir. Stansiyanın keçidlərində ticarət köşklərinin yerləşdirilməsi nəzərdən keçirilir.
Əvvəllər də qeyd etmişdik ki, yeni təmir olunacaq keçidlərdə də ticarət köşklərinin olması gözləniləndir. Ancaq bizim üçün əsas olan məsələ həmin ticarət köşklərinin sərnişin axınına maneə törətməməsidir. "Neftçilər" stansiyasında da sərnişinlərin hərəkətinə problem yaratmayacağı halda ticarət köşklərinin qoyulması mümkündür". Xatırladaq ki, keçidlərdə ticarət köşkləri 2014-cü ilin mart ayından yığışdırılıb. Həmin ilin fevral ayında isə Tağı Əhmədov "Bakı Metropoliteni"nin sədri vəzifəsindən kənarlaşdırılmışdı.
1095 dəfə oxundu