Keçmiş deputat İlhamədən yazdı: Əlvida, Primadonna

Keçmiş deputat İlhamədən yazdı:


Özünün özünə verdıyi dəyər qədərində olmasa da, İlhamə Quliyeva həqiqətən də həm gözəl qadın, həm də gözəl sənətkar idi. Amma çox təəssüflər olsun ki, şəxsiyyət ola bilmədi.

Xasiyyətindən irəli gələn ifrat özünəvurğunluq, mənəm-mənəmlik, övladı, bir çox hallarda hətta nəvəsi yaşda hesab olunacaq uşaq-muşaqla intriqalara getməsi, sonundasa kimlərisə tutdurması, cəza verdirməsi İlhamə sənətini arxa plana keçirdi. Heyf. Amma o, həqiqətən də estradamızın Primadonnası ola bilərdi.Zatən bununçün bütün lazımi keyfiyyətlərə malik idi də. Yetərdı ki, boş-boşuna sərf etdiyi enerjisini başına topladığı gənclərə sərf edəydi. Onları ətrafına cəm eləyib Allahın ona bəxş etdiyi parlaq istedadı təlim edəydi. Bax onda nə saxta titullara ehtiyac qalardı, nə də bərbəzəkli taclara.

***
Bir-neçə il əvvəl İlhamə ağır ürək əməliyyatı keçirdi. O vaxt bir çoxları kimi mən də dünyaya yenidən qayıdan İlhamənin həyata baxışlarının dəyişəcəyini zənn edirdim. Çünki iki dünya arasında həyat mücadiləsi apardığı o dönəmdə nəinki Mədəniyyət Nazirliyindən, hətta sənət yoldaşlarından belə, bir kimsə onu ziyarətə getməmişdi. O dostları ki, ayrı vaxt efirdə onun əlindən öpüb, gözlərinin üstünə qoyurdu. Bütün bunları xəstəxanada olarkən özü mətbuta söylədi o vaxt. Və yaxşı xatırlayıram ki, məhz bundan sonra nazirlikdən ona bir dəstə ğül göndərildi. Vəssalam. Amma bütün bunlardan yenə də ibrət götürülmədi. Nə təəssüflər.

****

İlhamə- Flora davası barədə mən də bir çoxları kımı gözümü açan, özümü qanan gündən eşitmişəm. Sovetlər dönəmində belə intriqalar TV-mətbuata çıxmazdı. Bu cür didişmələr adətən pərdə arxasında baş verərdi. Amma zaman, dövran dəyişdi. Və fürsət düşən kimi yenidənqurma TV-lərində ilk işıqlandırılan "bomba mövzu" da elə bu dava oldu. Və o vaxtdan da başlandı, nə başlandı... Mövzu qıtlığı yaşayan şou jurnalisləri də yazmağa bir şey tapmayanda ya İlhaməyə zəng etdilər, ya da Floraya.

****

Bu amansız savaşda İlhamə çox vaxt ondan daha savadlı, hazırcavab və xarizmatik Flora Kərimovaya uduzurdu. Ona görə də bir çox hallarda jarqon ifadələrə, söyüşə, təhqirə üz tutmalı olurdu. Və beləcə də illər gəlib keçdi. Bu zaman kəsiyində Almaniya birləşdi, ABŞ-la İran barışdı, mama bu iki parlaq sənətkar barışmadı ki, barışmadı. İnsafən desək, bu qarşıdurmada İlhamə Quliyeva barışığa daha meylli görünürdü. Hətta bir sıra müsahibələrində dolayısıyla da olsa, barışıq əlcəyi də tullamışdı. Amma düşmənçiliyi də dostluğu qədər möhkəm edən Kərimova buna getmədi. Bu da səbəbsiz deyildi. Çünki bu iyrənc davada tərəflər bir-birinə demədikləri söyüş, qarğış qalmamışdı. Hətta söhbətlər övlad, bir çox hallarda dünyasını dəyişmiş valideynlər səviyyəsinə qədər də gedib çatırdı. İndi bəlkə də tam əminliklə demək olar ki, uzun və yorucu savaşın kökü, səbəbi, başlanğıcı nə olub, bunu tərəflərin özləri belə, çoxdan unudub.

*****
Dünən gün ərzində Youtub-da İlhamənin kliplərinə baxmışam. Xüsusən də gənclik illərində cəkilmiş lent yazılarna baxmaqla, qulaq asmaqla doymaq olmur. Sofi Loren gözəlliyi, mükəmməl ifa, füsünkar səs...

Dünən bir daha əmin oldum ki, İlhamə xanımın zəif ifası yoxdu. Nə gəncliyində, nə də ki, sonrakı illərdə. İfa etdiyi bütün mahnılar, çəkdirdiyi bütün kliplər yüksək səviyyədədir.
Keçmiş deputat İlhamədən yazdı:

"Çişək yağışı", "Göygöl", "Səni araram", "Yaşın nə fərqi var ki" və bu sıradan onlarla bir-birindən gözəl şedevr ifalar. Ona görə də bütün olub-keçənlərə baxmayaraq İlhamə Quliyeva Azərbaycan musiqi tarixində qalacaq. Bu sözsüzdür.
Zaman bütün yaşananları arxa plana keçirib unutduracaq. Ortada gözəl ifa, parlaq sənət, füsünkar səs qalacaq. Əlvida Primadonna (Bütün ali titullarına rəğmən sən belə çagrılmağı daha çox sevərdin)....
Səni unutmayacayıq...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1150 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...