“Texnikabank”ın rəhbəri dələduz işçidən danışdı
Zal Yusifovun əməlləri ilə bağlı Ali Məhkəmənin və digər məhkəmələrin müvafiq hökm, qərar və qətnamələri mövcuddur. Bu məsələyə dövlət adından hüquqi qiymət verilib. Bu cinayətlə bağlı məhkəmə istintaqı aparılıb, hökm və qərarlar qüvvəyə minib. Zal Yusifov cinayətkardır, onun aldığı pulların “Texnikabank”a heç bir aidiyyəti yoxdur”.
Bu sözləri Teleqraf.com-a Texnikabank Müşahidə Şurasının sabiq, “Bank Technique” Müşahidə Şurasının hazırkı sədri Etibar Əliyev deyib. Etibar Əliyev Texnikabank ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun işi ilə bağlı yaranan mübahisəli məsələlərə də aydınlıq gətirib: “Zal Yusifov insanların pulunu necə mənimsəyibsə, həmin vəsaiti də özü geri qaytarmalıdır. İndi bu adam istəyir ki, öz cinayət əməllərinə “Texnikabank”ı da şərik etsin. Onun mənimsədiyi pulların banka heç bir aidiyyəti yoxdur.
Kim ki “Texnikabank”a pul verib, onların hamısı qaytarılıb. Kimin qanunla bankda pulu vardısa, hamısı verilib. Biz vaxtilə onun barəsində Milli Təhlükəsizlik Nazirliyinə şikayət etmişdik. Bizim şikayətdən sonra onu həbsə aldılar. Zal Yusifov insanlardan aldığı pulları banka yatırmadan öz dost-tanışlarına paylayırmış.
Həmin insanların tələbi ilə də bankın adından onlara əmanət kitabçaları təqdim edilib. Yəni, bankın kassasına heç bir pul yatırılmayıb. Zal Yusifov insanlardan pulu kənarda alıb, onlara saxta sənəd verib. İnsanları bu yolla aldadıblar. İndiyədək bu işə dəfələrlə baxılıb.
Zal Yusifovun restoranı vardı, onun da sənədləri düzgün deyil. Oğlu da özü kimidir... İndi də başlayıb şər atmağa ki, guya Zal Yusifova vaxtilə zor tətbiq olunub, o da istintaqda məcbur qalıb, sənədləri imzalayıb və sairə. O, “Texnikabank”a da çox şər atıb, iftira yaxıb. Təsəvvür edin ki, Zal Yusifov Eldar Mahmudovun nazir olan vaxtında günahsız insanları şərləyərək zərər vururdu. Biz 2008-ci ildə MTN-ə müraciət etmişdik. Zal Yusifov həbsdə də şər əməllərindən qalmır”.
Qeyd edək ki, “Texnikabank”ın mülkiyyətçiləri və adı dəyişərək “Bank Technique” olub.
Bu günlərdə Ali Məhkəmənin qərarı ilə Texnikabank ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun kasasiya şikayəti təmin edilib və o, azadlığa buraxılıb. Onun azadlığa buraxılması 81 nəfər zərərçəkmişin hüquqlarının pozulması ilə müşayiət olunub.
81 nəfərin 38 milyon manatdan çox pulunu mənimsəyən Zal Yusifov cinayət əməlinə öz oğlunu da cəlb edib. Buna görə də Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ata 15, oğul isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Məhkəmənin qərarına görə, Zal Yusifovun cinayət yolu ilə əldə etdiyi pullar hesabına tikilmiş mülkləri satılmalı, əldə olunan vəsait hesabına zərərçəkmişlərə dəyən ziyan ödənməlidir. Bununla bağlı Bakı Apelyasiya Məhkəməsi qərar çıxarıb.
81 nəfərə dəyən ziyan ödənmədən bankrin oğlunun azadlığa buraxılması narazılıqla qarşılanıb.
1141 dəfə oxundu