Bakı dünyanın 50 ən möhtəşəm şəhəri sırasında

Bakı dünyanın 50 ən möhtəşəm şəhəri sırasında


Brtaniyada nəşr edilən, dünyanın ən böyük və möhtəşəm 50 şəhərindən bəhs edən “Skylines” kitabında Bakıya xüsusi yer ayrılıb. Trend-ə verilən məlumata görə, nəşrin müəllifləri olan britaniyalı xanım Yolanda Zappaterra və Jan Fuscoe dünyada ən canlı, möhtəşəm, böyük, tanınmış, ən çox turist cəlb edən, memarlıq cəhətdən heyrətamiz 50 şəhəri seçərək, onlar haqqında məlumatları kitaba daxil ediblər. Kitabın səhifələrində seçilmiş şəhərlərdən olan və oxucuda maraqlı təsəvvür silüeti yaradan ikonik binalar təsvir olunub. Bu təsvirlərin müəllifi məşhur britaniyalı illüstrator Jenny Seddondur.

“Aurum Press” nəşriyyatı tərəfindən Britaniyada nəşr edilən kitabda Bakı ilə yanaşı, London, Paris, İstanbul, Moskva, Nyu-York, Roma və digər şəhərlər yer alıb.
Kitabın Bakı haqqında olan hissəsi ümummilli lider Heydər Əliyevin “Azərbaycanda yüz illərdən bəri “Qara şəhər” adlanan şəhər ağaracaq, təmizlənəcək, burada gül-çiçək əkiləcək və o, Azərbaycanın gözəl bir guşəsinə çevriləcəkdir” sözləri ilə başlayır.

Daha sonra paytaxt Bakının VI əsrə qədərki tarixinə nəzər salınır. Qeyd edilir ki, şəhər Abşeron yarımadasında, Xəzər dənizinin sahilində yerləşir. Bu ərazi qədim zamanlardan palçıq vulkanları ilə məşhur olub. “Azərbaycan” sözünün mənasına da toxunan müəlliflər ölkəmizin “Odlar Yurdu” adlandırıldığını diqqətə çatdırıblar.

Kitabda müasir Bakının gözəlliklərindən, arxitekturasından, tarixi abidələrindən və dünyada məşhurlaşan müasir tikililərindən bəhs edilib. Burada İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi kimi UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilən möhtəşəm və qədim tarixi abidələr olduğu vurğulanıb. Sovet dövrü memarlıq abidələrinə toxunan müəlliflər Heydər Əliyev Sarayı və Teleqüllə kompleksi haqqında məlumat veriblər.

Həmçinin qeyd olunub ki, müstəqilliyin bərpasından sonra Bakıda yenidənqurma, quruculuq işləri və müasir memarlıq abidələrinin tikintisi davam etdirilib. “Alov qüllələri” şəhərin simvoluna çevrilib. Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqi janrı olan muğamın dünyaya nümayiş etdirilməsi baxımından əhəmiyyəti rol oynayır. 2014-cü ildə London Dizayn Muzeyinin “İlin dizaynı” mükafatına layiq görülən Heydər Əliyev Mərkəzi müasir dövrün dünya memarlıq abidələri sırasında xüsusi yer tutur.

Son dövrlərdə Bakı şəhərinin “Eurovision” mahnı müsabiqəsi, Avropa Oyunları kimi beynəlxalq əhəmiyyətli yarışlara ev sahibliyi etdiyi və bu il də “Formula-1” üzrə Avropa Qran-pri yarışını keçirəcəyi diqqətə çatdırılıb.

Kitabda Azərbaycan paytaxtının gözəlləşməsində, burada aparılan yenidənqurma və abadlıq işlərində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusi vurğulanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1524 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...