Sosial evlər nə vaxt və harada tikiləcək? - Direktor açıqladı

 Sosial evlər nə vaxt və harada tikiləcək? -


“Çoxmənzilli evlərin tikilməsi üçün əlverişli olan torpaq sahələrinin seçilməsi prosesində ciddi irəliləyiş var. Ötən müddət ərzində Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhərinin müxtəlif yerlərində bir çox torpaq sahəsinə baxış keçirilib və müxtəlif meyarlar üzrə qiymətləndirildikdən sonra onlardan bir neçəsi güzəştli mənzillərin tikintisi üçün uyğun hesab edilib”.

Gundeminfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev Azərtac-a müsahibəsində deyib.

Onun sözlərinə görə, torpaq sahələrinin seçilməsində ilk növbədə şəhərin inkişaf perspektivləri nəzərə alınıb. Bununla yanaşı, həmin ərazilərin iş yerləri mərkəzlərinə yaxın olması, bu zonalarda nəqliyyat və mühəndis-kommunikasiya şəbəkəsinin mövcudluğu əsas meyarlardan olub: “Hazırda həmin torpaq sahələrinin əldə edilməsi prosesi həyata keçirilir, layihələndirmə işlərinin aparılmasına hazırlıq görülür. Eyni zamanda, paytaxtla yanaşı Gəncə, Sumqayıt, Lənkəran, Masallı və Şəmkir şəhərlərində də torpaq sahələrinin ayrılması ilə bağlı təklif olunmuş ərazilərə baxış keçirilib, ilkin dəyərləndirmə işləri aparılıb”.

Samir Nuriyev bildirib ki, layihələndirmə işləri bitdikdən sonra dərhal güzəştli mənzillərin tikintisinə start veriləcək: “Agentlik tələb olunan vəsaitin ayrılması məqsədilə növbəti 3 il üçün maliyyə proqnozunu aidiyyəti dövlət orqanlarına təqdim edib. Bununla yanaşı, mənzillərin tikintisi layihələrinə investorların maraqları öyrənilir, onların bu işlərə cəlb olunması imkanları araşdırılır”.

“Aztəminatlı ailələrə mənzillərin uzunmüddətli güzəştlə verilməsi hansı formada planlaşdırılır?” sualına cavabında : “Tikiləcək mənzillərin vətəndaşlar tərəfindən əlverişli şərtlərlə əldə edilməsi üçün uzunmüddətli ödəniş sisteminin yaradılması və maliyyələşdirilməsi istiqamətində Agentlik artıq aidiyyəti dövlət qurumları ilə birlikdə işlər aparır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin burada əsas maliyyə mənbəyi kimi çıxış etməsi gözlənilir.

Dövlətimizin başçısının bu yaxınlarda imzaladığı Fərmana əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin “Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurasında təmsil olunması yaradılacaq sistemin əlaqəli şəkildə işləməsini təmin edərək dayanıqlı olmasına xidmət edəcək. Bununla yanaşı, mənzillərin satışının uzunmüddətli maliyyələşdirilməsini təmin etmək üçün ölkənin dövlət bankları ilə əməkdaşlıq imkanları da dəyərləndirilir” - deyə, Samir Nuriyev cavablandırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2152 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...