"Bəzi şəxslər “Konstitusiya dəyişikliklərinə yox” vərəqələri yaymağa çalışırlar" Baş prokurorun birinci müavini
“Azərbaycan inkişaf edərək, regionun lider dövlətinə çevrilib. Ölkədə ardıcıl ishalatlar aparılır. Dünyanın hər bir yerində olan böhran Azərbaycana təsir etməyib. Bu, uzaqgörən siyasətin nəticəsində olub”. “Report”un xəbərinə görə, bunu baş prokurorun birinci müavini Rüstəm Usubov Bakıda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O bildirib ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi əlamətdar gün kimi tarixə düşəcək: “Azərbaycanda beynəlxalq standartlara cavab verən hüquqi sistem var. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, demokratik proseslər genişlənir”.
R.Usubov qeyd edib ki, ümumxalq səsverməsində prokurorluq orqanlarının da rolu var: “2002-2009-cu illərdə keçirilən refendumlar qanun pozuntularına yol verilməyib, bununla bağlı prokurorluğa müraciət daxil olmayıb. Qanun pozuntuları bələdiyyə və parlament seçkilərində olub. Prokurorluq da öz növbəsində bu işləri araşdırıb. Səmərli işləməklə irəliləyiş əldə etmişik”.
R.Usubov Azərbaycanda keçirilən seçkilərdə seçki hüquqlarının pozulması ilə bağlı statistikanı da açıqlayıb.
Baş prokurorun birinci müavini bildirib ki, bəzi şəxslər “Konstitusiya dəyişikliklərinə yox” vərəqələri yaymağa çalışırlar, səsverməyə ləkə salırlar: “Prokurorluq orqanları bununla bağlı tədbirlər görür. Biz bu xoşagəlməz hallarla bağlı qətiyyətli mövqe nümayiş etdiririk”.
847 dəfə oxundu