Komitə Qazaxda gənclərlə görüş keçirdi - FOTOLAR
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qazaxda keçirilən “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans işini bu gün də davam etdirib.
Komitədən Gundeminfo.az-a verilən məlumata görə, bu gün Qazax rayon Heydər Əliyev Mərkəzində gənclərin iştirakı ilə dəyirmi masa keçirilib.
Giriş sözü ilə çıxış edən Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev konfransın əhəmiyyətindən danışaraq bildirib ki, milli-mənəvi dəyərlərin təbliğ edilməsi, eyni zamanda dini maarifçilik işinin aparılması məqsədilə bu cür tədbirlərin keçirilməsi vacibdir. O, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində rayon ərazisində həyata keçirilən silsilə tədbirlərdən danışıb.
Sonra çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi Kəmalə Cəfərova dini radikalizmlə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb. O qeyd edib ki, adıçəkilən tədbirlərdə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş dini radikalizmin və ekstremizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi Qazax rayon ictimaiyyəti, o cümlədən gəncləri arasında, təhsil müəssisələrində, rayonda fəaliyyət göstərən kollec və liseylərdə, səhiyyə ocaqlarında nümayiş etdirilib və bu film rayonda geniş əks-səda doğurub. Gənclər filmi yüksək qiymətləndirməklə yanaşı, həm də bu filmin təbliğatçılarına çevriliblər.
Dövlət-din münasibətlərindən, bu sahəni tənzimləyən qanunvericilik bazasından danışan Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Komitənin dini radikalizmlə mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlərdən bəhs edib. O vurğulayıb ki, dini radikalizmlə mübarizə əsasən 3 istiqamətdə aparılır. Bu istiqamətlər dini maarifçilik işi, iqtisadi müstəvidə radikal dini cərəyanların maliyyə qaynaqlarının ləğv edilməsi, eyni zamanda inzibati tədbirlərdir. Dini maarifçilik işinin yüksək səviyyədə qurulması üçün bütün imkan və vasitələrdən istifadə olunduğunu deyən sədr müavini bu məqsədlə təhsil müəssisələrində, dini icmalarda, gənclər arasında, eyni zamanda QHT-lər vasitəsilə müxtəlif maarifləndirici tədbirlər həyata keçirildiyini vurğulayıb.
DQİDK sədrinin müavini qeyd edib ki, Dövlət Komitəsi dini maarifçilik istiqamətində bütün qurumlarla, o cümlədən gənclər təşkilatları ilə yaxından əməkdaşlıq edir. Dini maarifçilik işinin həyata keçirilməsində, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği sahəsində aidiyyəti qurumlarla, həmçinin, Gənclər və İdman Nazirliyi ilə birgə Tədbirlər Planının imzalandığını deyən G.İsmayılov adıçəkilən plan çərçivəsində mütəmadi olaraq tədbirlərin həyata keçirildiyini qeyd edib. O bildirib ki, Dövlət Komitəsi dini maarifçilik işini gücləndirmək məqsədilə QMİ-nin, ziyalıların, ağsaqqalların, eyni zamanda nüfuzlu şəxslərin, dini icmaların potensialından istifadə edir. Bu sahədə gənclər təşkilatlarının potensialından istifadə edilməsi də təsadüfi deyil. Çünki dini radikalizmlə mübarizədə gənclər xüsusi rol oynayırlar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
984 dəfə oxundu