“Qafqaz Universiteti heç vaxt Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməyib“
Qafqaz Universitetinin yeni rektoru Havar Məmmədovun APA-ya müsahibəsi
- Havar müəllim, Qafqaz Universiteti bundan sonra hansı formada öz fəaliyyətini davam etdirəcək?
- Qafqaz Universitetinin idarəçiliyi dəyişdirilib və hazırda ali məktəb təsisçi SOCAR-ın Azərbaycan Beynəlxalq Tədris Mərkəzi ilə birlikdə fəaliyyətini davam etdirir. Universitet Azərbaycanın təhsil siyasətini yüksək səviyyədə həyata keçirməyə və kadr tələbatını ödəməyə çalışacaq. Çünki burada lazımi potensial, texniki baza var. Mən də rektor olaraq mənə göstərilən etimadı doğrutmalıyam.
Sözsüz ki, kadr və digər məsələlərdə ciddi dəyişikliklər, lazımi islahatlar olacaq. Kim işinin öhdəsindən gələcəksə, onunla əməkdaşlıq davam etdiriləcək. Əsas odur ki, Qafqaz Universitetindəki ənənəvi yüksək təhsil mühitini saxlaya bilək. Sentyabrın 10-da kollektivlə görüş keçiriləcək və bir çox məsələlər müzakirə olunacaq.
- Mətbuatda Qafqaz Universitetinin adının dəyişdirilərək SOCAR Universiteti kimi fəaliyyətini davam etdirəcəyi barədə xəbərlər yayılıb. Bu, nə dərəcədə doğrudur?
- Bu məsələ gündəmdə deyil. Ötən müddətdə Qafqaz Universitetinin bağlanacağı ilə bağlı da xəbərlər yayıldı. Bu xəbərlər də yanlışdır. Qafqaz Universiteti heç vaxt Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməyib. Sadəcə, Qafqaz Universitetinin rektoru işdən çıxarıldığı zaman müvəqqəti olaraq rektor vəzifəsinin icrası Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova tapşırılıb. Universitetin bağlanması söhbəti olmayıb və bu gün sərbəst özəl ali məktəb kimi fəaliyyət göstərir.
- Qafqaz Universitetinin ətrafında baş verən hadisələr builki tələbə qəbuluna hansısa təsir edibmi?
- Qafqaz Universiteti ətrafında yayılan xəbərlər tələbələrin bir hissəsinin ixtisas seçiminə təsir edib. Mövcud hadisələr ali məktəbə qəbul faizinin aşağı düşməsinə səbəb olub. Bu il Qafqaz Universitetində ayrılan 1049 plan yerinə 703 tələbə qəbul olub, ən yüksək bal 696 bal təşkil edib. Mən ali məktəb kollektivi ilə işi elə qurmağa çalışacağam ki, ötənilki qəbul faizlərini saxlayaq.
- Qafqaz Universitetində fəaliyyət göstərən türkiyəli müəllimlərin fəaliyyəti dayandırılıb. Bunun nəticəsində ali məktəbdə kadr çatışmazlığı yaranıbmı?
- Avqustun 5-dən Qafqaz Universitetində fəaliyyət göstərən müəllimlərin hamısı işdən azad olunub və onlar ölkələrinə qayıdıblar. Gedənlərin arasında ali məktəbdə rəhbər vəzifələr tutanlar da olub. Onların sayı müəllim və texniki işçilər də daxil olmaqla, 45 nəfər idi.
Hazırda ali məktəbdə yalnız azərbaycanlı müəllimlər fəaliyyət göstərir. Tədrisi yüksək səviyyədə təşkil etmək üçün təşkilatı işlər görülür. Ayrı-ayrı fənlərlə bağlı kadr çatışmazlığı var. Bu sahədə Təhsil Nazirliyi bizə əməli kömək edəcək. Dərslərin boş keçməsinə imkan verilməyəcək.
- Ali məktəbdə qəbul planı tam dolmadığı üçün hansısa ixtisasların ləğvi gözlənilirmi?
- Xeyr. Çünki burada ixtisasların sayı çoxdur. Heç bir ixtisasın ləğv olunma ehtimalı yoxdur. Tədris həm ingilis, həm də Azərbaycan dilində aparılır. Bəzi ixtisaslarda tələbələrin sayı azdır. Amma dövlət ali məktəblərində də belə hal olur və normal haldır.
- Hazırda Azərbaycan Texniki Universitetində rektor vəzifəsini kim icra edir?
- Texniki Universitetdə rektor vəzifəsini tədris işləri üzrə prorektor, iqtisad elmləri namizədi Xalıq Yahudov icra edir. Prosedur qaydalarına görə, ali məktəbə yeni rektor təyin edilənə qədər rektor əvəzi Xalıq Yahudov olacaq.
973 dəfə oxundu