İsveçrə banklarındakı şübhəli hesablar açılır
İsveçrə bankları dünya futbolunu idarə edən FİFA-nın bank hesabları ilə bağlı şübhəli fəaliyyətin müşahidə olunduğunu bildirirlər.
Virtualaz.org saytı BBC-yə istinadən xəbər verir ki, bu barədə İsveçrənin baş prokuroru Mişel Lauber bildirib.
M.Lauber korrupsiya işi üzrə araşdırma çərçivəsində FİFA-a aid məlumatların təhlil edildiyini söyləyib. Baş prokuror işlə bağlı FİFA prezidenti Zepp Blatterin sorğu-suala tutulacağını istisna etməyib. İyunun 2-də 79 yaşlı Blatter FİFA konqresi tərəfindən bu təşkilatın prezidenti vəzifəsinə beşinci müddətə seçildikdən cəmi 2 gün keçmiş bəyan etdi ki, qurumun yeni rəhbəri seçiləndən sonra vəzifəsindən gedəcək. Araşdırma 2018 və 2022-ci illərdə dünya çempionatlarının keçirilməsi üzrə müsabiqənin yenidən təşkil edilməsilə nəticələnə bilər. Ötən ay İsveçrənin Sürix şəhərində 7 yüksək rütbəli FİFA rəsmisi korrupsiya ilə bağlı ittihamlar əsasında saxlanılıb.
ABŞ Ədliyyə Departamenti hazırda fəaliyyət göstərən və istefaya çıxmış 14 FİFA rəsmisilə əməkdaşına qarşı “sistematik, geniş və dərin kök salmış” korrupsiya ilə bağlı ittihamlar irəli sürüb.
Məsələ ilə bağlı ABŞ Federal Təhqiqatlar Bürosunun araşdırması davam edir.
1365 dəfə oxundu