“İcra başçıları ancaq özlərini düşünürlər”
Bu gün bəzi rayonlarda icra başçılarının az qala özlərinin “əyalət padşahları”ı kimi aparması kimsəyə sirr deyil.
Bu isə yerlərdə ciddi narazılıqlar yaradır. Umumiyyətlə, rayon icra hakimiyyəti başçıları özlərini necə aparmalıdırlar?
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa Modern.az-a deyib ki, bu, tənzimlənən məsələ deyil:
“Bunlar daha çox qaydaların mövcud olduğu bir mühitdə yaşanır. Praktik olaraq qanunauyğun olmasa da, qanundakənar qaydada İcra hakimiyyətləri rayon səviyyəsində bütün məsələlərin həllində məsuldurlar.
Bu da idarəetmə sistemi ilə bağlı məsələdir. Əgər gerçəkdən yerli icra orqanlarının fəaliyyəti gücləndirilsəydi və həqiqətən cəmiyyətin problemləri önə çəkilsəydi, tamam başqa situasiyanın şahidi olardıq. Yəni, bələdiyyə qurumunun vətəndaşın problemlərinə yanaşması, yaxud müəyyən məsələlərdə aktiv rol alması daha faydalıdır, nəinki təyin olunan şəxslərin.
Təyin olunan şəxslər ancaq özlərinə aid məsələləri düşünürlər, verilən tapşırıqları icra edir və vətəndaşın nə düşündüyü ilə maraqlanmırlar. Bu da idarəetmə nöqsanı ilə bağlı hallarda üzə çıxır. Bələdiyyə orqanları olanda icra qurumlarının bu fəaliyyəti yolverilməz olur”.
Deputat bildirib ki, qonşu Türkiyədə məhz idarıetmənin bu formasından istifadə olunur:
“Məsələn, Türkiyədə idarəetmə koordinator, vali formasında olur. Amma əsas iş bələdiyyələrin üzərinə düşür. Bu gün İcra Hakimiyyətinə məxsus funksiyaların 90 faizini Türkiyədə bələdiyyələr həyata keçirir. Xalqa daha yaxın qurumlar olduğundan problemləri anlayır, hər hansı bir şəkildə məmurların işdən özbaşına çıxarılmasına yol vermirlər. Çünki, bələdiyyə gəldi-gedərdir, məmursa qalıcıdır. Məmurun hüquqları var və qorunur. Bunlar çox ciddi məsələlərdir və təəssüf ki, bizdə hələ bərqərar olmayıb”.
951 dəfə oxundu