Ötən gün əhaliyə 1,2 mln. kubmetr artıq qaz verilib - "Azəriqaz"

Ötən gün əhaliyə 1,2 mln. kubmetr artıq qaz verilib -


Artıq bir neçə gündür APA-nın redaksiyasına daxil olan zənglərin sayı kəskin artıb. Zənglər şikayət xarakterli, şikayətçilər sıravi vətəndaşlar, qınaq obyekti isə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyidir. Şikayətlərin mütləq əksəriyyəti eyni məzmunludur: "Evdə qaz gəlmir, donuruq!"

Vətəndaşlar onu da bildirir ki, "Azəriqaz" öz fəaliyyətində hava şəraitinin kəskin pisləşməsini nəzərə almır: "Düzdür, biz yayda da qazla normal təmin olunmuruq. Amma yayda birtəhər başımıza çarə tapırıq. Qışda isə evdə soyuqdan oturmaq olmur. Donuruq! Uşaqlarımız bu soyuğa dözə bilmir. Vəziyyət o həddə çatıb ki, evimizin çölü içərisindən istidir".

Onu da bildirək ki, şikayətlər Bakının dörd bir yanından daxil olmaqdadır. Düzdür, şikayətçilər dərdini redaksiyamızdan öncə "Azəriqaz"ın 104 və 185 saylı Çağrı Mərkəzlərinə deyib. Yeri gəlmişkən, Çağrı Mərkəzlərinin əməkdaşları ilə danışmaq da hər adam nəsib olmur: "Nə vaxt zəng edirik, xətlər məşğuldur". İşin tərsliyindən soyuqdan donan vətəndaş dərdini deyib, hirsini soyutmaq üçün aidiyyati quruma zəng edir, lakin burada da soyuq münasibətlə qarşılaşır.

Vətəndaşların şikayəti ilə əlaqədar "APA-Economics" "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayevdən münasibət öyrənib. Çağrı Mərkəzləri ilə danışmaq mümkün olmasa da İ. Kərbəlayev bizim suallarımızı heç zaman cavabsız qoymayıb.

Şöbə rəisi deyir ki, havaların soyuması nəticəsində əhalinin təbii qaza olan tələbatı artdıqca, istehlakçılara təbii qazın verilişi də artır. Qurum rəsmisi sözlərini rəqəmlərlə də möhkəmləndirib: "Bizim əsas məqsədimiz istehlakçılara təbii qazın çatdırılmasıdır ki, əhali heç bir problem yaşamasın. Oktyabrın 15-də respublika üzrə 9 milyon 961 min kubmetr təbii qazın verilişi təmin olunub. Oktyabrın 16-da isə bu rəqəm 11 milyon 154 min olub. Aradakı fərq 1 milyon 193 min kubmetrdir ki, artıq təbii qazın verilişi tərəfimizdən təmin olunub. Çağrı Mərkəzlərimizə daxil olunan müraciətlər əsasında əməkdaşlarımız tərəfindən tənzimləmə işləri aparılır ki, çatışmazlıqlar aradan qaldırılsın. Bu gün və dünən daxil olan zənglər əsasında bu proses həyata keçirilir. Digər kommunal qurumlardan fərqli olaraq, təbii qazın verilişində texniki təhlükəsizlik normaları xüsusi diqqətdə saxlanılır ki, onu da şəbəkəni birdən-birə təbii qazla doldurmaq mümkün olmur. Bayaq qeyd etdiyim kimi, 1 gün ərzində tələbat kəskin artıb və biz həmin tələbata uyğun təbii qaz verilişini həyata keçirmişik. Gələcəkdə havaların qarlı, şaxtalı keçdiyi dönəmdə də tərəfimizdən bu kimi tədbirlər davam etdiriləcək ki, əhali təbii qazla heç bir çatışmazlıq problemi yaşamasın. Qaz sistemində yay və qış rejimi yoxdur. Əhali tələbata uyğun təbii qazla təmin olunmalıdır və olunur. Gün ərzində bütün Bakı şəhəri üzrə tənzimləmə işləri yekunlaşacaq və əhalinin təbii qazın verilişində heç bir məhdudiyyət olmayacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
897 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...