Biləcərinin bir hissəsi avtobussuz qalıb
“202 saylı avtobus sonuncu dayanacağa qədər gəlmir. Artıq iki aydan çoxdur ki, qəsəbədəki daş zavodunun yaxınlığında dayanan avtobusa minmək üçün uzun məsafəni qət etməli oluruq. Dəfələrlə marşrut sürücülərinə bununla bağlı iradımızı bildirsək də, xeyri olmayıb”.
Bu şikayətlə virtualaz.org-a Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi, 9-cu döngədə yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, “Gənclik” metro stansiyası – Biləcəri qəsəbəsi istiqamətində hərəkət edən 202 saylı marşrutun sürücüləri özbaşınalıq edərək getdikləri yolu qısaldıblar.
“İki aydan çoxdur ki, 202 saylı marşrut əvvəlki dayanacağında deyil, daş zavodunun yanında dayanır. Əvvəl sürücülər bunu yolların bərbad vəziyyətdə olması ilə izah edirdilər. Amma yollar da düzəldi, marşrut yenə əvvəlki dayanacağına gəlmir. Xüsusən də, soyuq və yağışlı havada çox əziyyət çəkirik. Hər səhər uşağı məktəbə aparanlar, işə gedənlər uzun məsafə qət etməli olurlar”, - deyə şikayətçilər bildiriblər.
Yaranmış problemlə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirdi ki, 202 saylı marşrutun hərəkət istiqaməti Agentlik tərəfindən dəyişdirilməyib. “202 saylı avtobusun hərəkət istiqaməti bizim tərəfimizdən dəyişdirilməyib. Ümumiyyətlə, BNA tərəfindən hər hansı dəyişiklik edildikdə, bu barədə əvvəlcədən ictimaiyyətə məlumat verilir. Ola bilər ki, həmin marşrutun məxsus olduğu şirkət tərəfindən avtobusun hərəkət istiqamətinə dəyişiklik edilib. Biz bunu aydınlaşdıracağıq”, - deyə N.Allahyarova bildirib.
961 dəfə oxundu