Xəzərin səviyyəsi enib - AMEA-nın mütəxəssisi
“Xəzər dənizinin səviyyəsi ötən illə müqayisədə təxminən 30 sm-dək enib”.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Nazim Əhmədov məlumat verib. Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsi 2005-ci ildən azalır. Bu proses 2009-cu ildən daha intensivləşməyə başlayıb. N.Əhmədov bildirir ki, hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən - 28 metr aşağıdır. Mütəxəssis suyun səviyyəsinin azalmasının narahatlıq doğurduğunu deyib: “Suyun səviyyəsinin düşməsi onun özünü təmizləmə qabiliyyətini azaldacaq və canlıların həyat səviyyəsi aşağı düşəcək” .
Mütəxəssis, Xəzərdə suyun azalmasına iqlim, dəyişkənlik, tektonik amillər, çaylarda suyun səviyyəsinin azalması kimi faktorların da təsir etdiyini bildirir. N. Əhmədovun sözlərinə görə, proqnozlar Xəzərdə hazırda enmə dövrünün yaşandığını göstərir. Qeyd edək ki, 1995-ci ildə Xəzər dənizində suyun səviyyəsi ən yüksək həddə çatıb. Ən aşağı səviyyə isə 1977-ci ildə qeydə alınıb.
1307 dəfə oxundu