Azərbaycan Çempionlar Liqasından imtina etdi
UEFA Praqada Çempionlar Liqasının və Avropa Liqasının keçiriləcəyi yerləri təstiq edəcək. Bakıda yeni istifadəyə verilmiş Olimpiya stadionu 2017-ci ilin Avropa futbol kubokları finalının keçirilməsinə namizədliyini verməyəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın TASS agentliyinə müsahibə verən AFFA baş katibi Elxan Məmmədov bildirib. Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) icraiyyə komitəsinin 29-30 iyunda Praqada keçiriləcək iclasında 2017-ci ildə Çempionlar Liqasının və Avropa Liqasının keçiriləcəyi yerlər təsdiq olunacaq. "Belə stadionumuz olduğuna görə biz gələcəkdə Çempionlar Liqasının və ya Avropa Liqasının finalının keçirilməsinə iddia edə bilərik. Amma bunu zaman göstərəcək. Nəzə almaq lazımdır ki, Bakı yaxın illərdə aşağıdakı tədbirlərə ev sahibliyi etməyi planlaşdırır: Gənclər arasında Avro - 2016 futbol çempionatı, "Formula-1", Olimpiada, İslamiada. Biz avrokubokların finalı barədə də düşünürük, amma bütün bunlar yalnız bizim ideyalarımızdır və yazılı təstiqi yoxdur",- deyə Məmmədov vurğulayıb.
AFFA baş katibinin sözlərinə görə, ölkənin futbol rəhbərliyinin 2017-ci il Avropa kuboklarından hansısa birinin Bakıda keçirilməsi ilə bağlı planı yoxdur, çünki keçiriləcək tədbirlərin sayı çoxdur. "Həmin il üçün İslam həmrəylik oyunları planlaşdırılıb, bundan əlavə "Formula-1" mərhələsi planlaşdırılıb. Buna görə də istəmirik ki, bu tədbirlər bir-birinə mane olmasın. Futbol finalının keçirilməsi çox səy tələb edən nəhəng hadisədir",- deyə Elxan Məmmədov bildirib.
Olimpiya stadionunun əsası 6 iyun 2011-ci ildə qoyulub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri, futbol veteranları və digər qonaqlar iştirak ediblər.
Stadionun tutumu 68 mindir.
Stadion 2015-ci ilin mart ayının əvvəlində Bakı Olimpiya Stadionunun istismara hazırlığı ilə bağlı akt imzalanıb və müvafiq icra hakimiyyəti tərəfindən obyektin istismarına icazə verilib.
1362 dəfə oxundu