Şahmar Mövsümov: "Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündən çıxa bilər"

Şahmar Mövsümov: "Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündən çıxa bilər"

“Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsün (MHŞT) mandatında müəyyən dəyişikliklər baş verir. Bu təşəbbüs artıq gəlirlərin şəffaflığı deyil, qeyri-hökumət təşkilatlarının hüquqlarının qorunması təşəbbüsünə çevrilir və müəyyən mənada Azərbaycana təzyiq aləti kimi istifadə olunur”.

“APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bu gün keçirilən mətbuat konfransında deyib.

“Azərbaycan bu təşəbbüsə ilk qoşulan ölkələrdən biri olub. Biz bu təşəbbüsə 2003-cü ildən qoşulmuşuq, 2005-ci ildə ilk hesabatımız olub. Artıq 12 ildən artıqdır ki, bu təşəbbüsdə fəal iştirak edirik. Azərbaycan da bu təşəbbüsün İdarə Heyətinin üzvü olub. Ötən ay Konqoda İdarə heyətinin növbəti iclası keçirildi. Burada qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanın ümumiyyətlə bu təşəbbüsdən çıxarılması təklifi irəli sürüldü. Bundan sonra əlbəttə, bu təklif keçmədi. Çünki, təşəbbüsdə hamı Azərbaycanın bu təşəbbüsə töhfə verməsi haqqında xəbərdar idi. Bu təklif qəbul olunmadıqdan sonra Azərbaycanın təşəbbüsdə üzvlüyünün dondurulması haqqında təklif irəli sürüldü. Lakin bu da alınmadı. Bütün ölkələr və şirkətlər tərəfindən Azərbaycana dəstək verildi. Lakin, əlbəttə ki, bu böyük təzyiq altıda Azərbaycanın tam hüquqlu üzv statusundan namizədli statusa endirilməsi haqqında qərar qəbul olundu və 12 ay ərzində bu statusunun saxlanması və müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutuldu. Əlbəttə ki, biz bu qərarla razı deyilik”, - deyə Ş. Mövsümov vurğulayıb.

İcraçı direktor əlavə edib ki, hal-hazırda Azərbaycan hökuməti ümumiyyətlə bu təşəbbüsdə iştirak edib-etməməklə bağlı daxili müzakirələr aparır: “Çünki, biz bu təşəbbüsə öz vətəndaşlarımız üçün şəffaflığın artırılması məqsədi ilə qoşulmuşduq və bunun üçün əlimizdən gələni edirik. Azərbaycanın hesabatları bu gün dünyada ən dəqiq, ən detallı hesabatlar kimi qəbul edilir və istənilən Azərbaycan vətəndaşının istənilən məlumata çıxışı var. Azərbaycan nə qədər neft-qaz istehsal edib, nə qədər gəlir əldə edib. Bütün bu məlumatlar tam şəffafdır. Biz buna davam edəcəyik. Yəni, biz bunu nə təşəbbüs kimi edirik, nə onu katiblik kimi edirik. Biz bunu öz vətəndaşlarımız üçün edirik və bunu davam etdirəcəyik. Bununla bağlı biz fikir mübadiləsi aparırıq və son qərarımızı da verəcəyik. Bu təşəbbüsdən çıxma ehtimalı var və əgər bizə qarşı ədalətsizlik davam etsə, biz bu təşəbbüsdə qalmayacağıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1634 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...