Apteklərdə dərmanları niyə tapa bilmirik?
Azərbaycanda apteklərdə dərmanların vahid qiymətlə satılmasına başlanıldıqdan, yəni sentyabrın 15-dən sonra ortaya çıxan əsas problemlərdən biri insanların dərman qıtlığından şikayət etməsidir. Artıq bu məsələyə rəsmi səviyyələrdə dəfələrlə münasibət bildirilərək qeyd edilib ki, əslində, Azərbaycanda dərman qıtlığı problemi yoxdur.
Bu, apteklərdə dərmanların vahid qiymətlə satılmasına başlanılmasından sonra Səhiyyə Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin birgə apardığı monitorinqlər zamanı da öz təsdiqini tapıb.
Azərbaycanın baş nazirinin müavini Əli Əhmədovun da bu günki açıqlamasından belə nəticəyə gəlmək olar ki, hazırda yalnız ticarət adı ilə axtarılan dərmanların apteklərdə tapılmamasından söhbət gedə bilər. Çünki ölkədə bütün təsiredici maddələr üzrə dərmanlar var və bu baxımdan qıtlıq yoxdur.
Sual olunur: Onda problem nədir? Əgər dövlət qurumlarının da söylədiyi kimi həqiqətən də apteklərdə dərman varsa, insanlar niyə onları tapa bilmirlər?
Dərmanların vahid qiymətlə satılmasına başlanıldıqdan sonra “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması” haqqında yeni qaydalar hazırlayaraq onu təsdiq edən Səhiyyə Nazirliyi həmin sənədə belə bir yeni bənd də əlavə etdi ki, artıq reseptlərə dərmanların adları deyil, onların patentləşdirilməmiş adları, yəni təsiredici adı qeyd edilməlidir. Sənəd yalnız bir halda istisnaya yol verir. Qaydalara görə, təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adı olmadığı hallarda, yəni həmin dərman 3 və daha artıq tərkibli, bioloji oxşar dərman qruplarına aid olduqda resept blankında onun ticarət adı yazılmalıdır. Səhiyyə Nazirliyi də bəyan edib ki, bu, həkimlər qarşısında qoyulan tələbdir və onu pozanlar həkimlər qanunvericiliyə müvafiq qaydada cəzalandırılacaqlar.
Əslində, reseptlərlə bağlı edilən bu dəyişikliyi formal xarakterli dəyişiklik kimi qəbul etmək lazım deyil. Çünki reseptlərdə əsas təsiredici maddənin adının yazılması dərman firmaları ilə əməkdaşlıq edən həkimlərin onun marağına xidmət edən konkret dərman adının yazılması hallarının qarşısını almaqla yanaşı, həmin dərmanlardan istifadə etməli olan insanlara da üstünlük verir. Çünki bu halda pasiyentlər artıq həkimin əvvəllər reseptlərdə yazdığı konkret dərman adlarını axtarmalı olmurlar. Reseptlərdə yazılan təsiredici maddə əsasında dərman alması onlara həm də tərkibli maddə əsasında, fərqli adlarla müxtəlif firmalar tərəfindən istehsal edilmiş dərmanların arasından “cib”lərinə uyğun gələni seçməyə imkan verir.
Təbii ki, Azərbaycanda uzun illərin təcrübəsi reseptlərdə dərmanların konkret adının yazılması ənənəsini qoyduğundan insanlar bu yeniliyə qısa bir zaman ərzində alışa bilməyərək hələ də əllərindəki reseptlərlə konkret dərman axtarır, həmin tərkibli digər adda dərman tapdıqda isə ona ehtiyatla yanaşır və almırlar.
Apteklərdə dərman qıtlığının olmaması barədə gəlinən rəsmi rəyə əsaslansaq, onda belə hesab etmək olar ki, mövcud problemin əsas çıxış yolları həkimlərin bu qaydalara əməl etməsi, pasiyentlərin isə bu yeni tələbdən məlumatlı olmasıdır. Əgər həkimlər dərman firmaları ilə əməkdaşlıq maraqlarını əsas götürərək öz mənafelərini güdməsələr, insanları konkret hansısa adda olan dərmanın daha keyfiyyətli olmasına inandırmaqlarından əl çəksələr, pasiyentlərinin məlumatsızlığından istifadə etməsələr və nəhayət, pasiyentlər dərmanın adının deyil, tərkibinin əsas olduğunu dərk etsələr, onlara verilmiş hüquqdan istifadə edərək həkimlərdən reseptlərdə təsiredici maddənin adının yazılmasını tələb etsələr, axtardıqları dərmanları də qısa müddət ərzində taparlar. Hətta bir deyil, bir necə adla. Demək, problemin həlli üçün insanların bu dəyişiklikləri, dərmanların adlarını deyil, onların tərkiblərinin önəmli olmasını dərk etmələri lazımdır.
Baş nazirin mavini Əli Əhmədovun da “Vətəndaşlar yəqin ki, müəyyən adda olan dərmanlara alışıblar, eyni tərkibdə olan digər dərmanlara bir qədər ehtiyatla yanaşırlar. Bunu başa düşürəm. Amma müəyyən bir müddət keçməlidir ki, vətəndaşlar dərmanın adının deyil, tərkibinin əsas rol oynadığını dərk etsinlər. Bundan sonra problem aradan qalxacaq” söyləməsi də göstrərir ki, problemin həlli yalnız insanların özlərindən, düşüncələrini dəyişmələrindən asılıdır. (trend)
1317 dəfə oxundu