"Qanuna dəyişiklik Allahşükür Paşazadəyə şamil edilməyəcək" - Siyavuş Novruzov
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin dekabrın 2-də Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə keçirdiyi iclasında “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edilməsi qərara alınıb. Dəyişikliyə görə, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan vətəndaşları tərəfindən həyata keçirilə bilər. Yeni layihədə xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağan edilir.
Qadağa cəmiyyətdə birmənalı qarşılanmayıb. Azərbaycanda fəaliyyət göstərən məscidlərin axundlarının, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şexülislam Allahşükür Paşazadənin də məhz xaricdə təhsil alması və yeni qanuna əsasən, onların ölkədə keçirilən dini mərasimləri apara bilməməsi müzakirə mövzusu olub. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov modern.az saytına açıqlamasında bu məsələlərə aydınlıq gətirib.
O qeyd edib ki, qadağa qanuna dəyişiklik qüvvəyə mindikdən sonra xaricdə təhsil alıb ölkəyə qayıdacaq insanlara şamil edilir: “Allahşükür Paşazadə Özbəkistanda təhsil alanda biz eyni dövlətin tərkibində idik. Ona görə də şeyxin təhsili xaricdə təhsil kimi qiymətləndirilə bilməz.
Ayrı-ayrı dövrlərdə müxtəlif ölkələrdə təhsil alıb qayıdaraq Azərbaycanda dini ayinlərin yerinə yetirilməsi ilə məşğul olan şəxslərə gəldikdə, biz bununla əlaqədar müvafiq qərar qəbul edəcəyik.
Həm Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, həm Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə bu məsələlər götür-qoy ediləcək və konkret qərar qəbul olunacaq. Birmənalı olaraq qanuna dəyişiklik qüvvəyə minəndən sonra xaricdə təhsil alan şəxslər Azərbaycanda dini mərasimləri apara bilməyəcək. Dəyişikliyə qədər olanlarla bağlı isə müəyyən aydınlaşdırmalar aparılacaq və ortaq məxrəcə gəlinəcək”.
1122 dəfə oxundu