Bakıda polisdən qaçan əcnəbi iş adamı cərimələndi

Bakıda polisdən qaçan əcnəbi iş adamı cərimələndi
Bakıda polisdən qaçan iş adamı cərimələnib.

“Kriminalqafqaz”ın məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.

“Monsart Construction” MMC-nin rəhbəri olan İran vətəndaşı Borzu Saeidan içkili vəziyyətdə sükan arxasında polisə yaxalanıb. Lakin o, polisə tabe olmayaraq maşınla oradan qaçıb. Lakin polislər onu evə girmək istəyərkən saxlayıb və protokol tərtib ediblər. Protokola Nəsimi Rayon Məhkəməsində baxılıb.

B.Saeidan məhkəmədə bildirib ki, həmin gün oteldə idmandan çıxıb restoranlardan birində tədbirə qatılıb:

“Murtuza Muxtarov küçəsində hərəkətdə olarkən qarşıdan gələn avtomobilin işığını azaltması üçün avtomobilimin uzaq işıqlarından istifadə etdim. Sonra yoluma davam edərək maşını yaşadığım binanın qarşısında saxladım. Avtomobildən düşüb evə getmək istəyəndə iki polis əməkdaşı yaxınlaşıb sənədlərimin qaydasında olub-olmadığını soruşdu. Polislərdən biri kəmərimdən tutaraq avtomobilə aparmağa çalışdı. Hadisə yerinə PPX əməkdaşları dəvət edildilər. Onların iştirakı ilə tibbi müayinəyə yollandım və sərxoş olduğum müəyyənləşdi. Lakin mən spirtli içki qəbul etməmişdim”.

Borzuya protokol tərtib edən polis isə məhkəmədə deyib ki, Yasamal rayonunda xidmətdə olarkən avtomobildə uzaq işıqlardan istifadə etməsi səbəbindən vətəndaşa saxla işarəsi verilib:

“Lakin o, hərəkətini davam etdirib bir müddət sonra avtomobili saxladı. Sürücüyə yaxınlaşıb ondan sənədlərini təqdim etməsini xahiş etdim. Kəskin spirt iyi gəldiyindən ona alkoqollu içki qəbul edib-etməməsi barədə sual verdim. Bu zaman qaçmağa cəhd göstərdi. Bizi itələməyə, səs-küy salmağa başladı. Polisin qanuni tələbinə tabe olmadı. PPX çağırdıq və onu tibbi müayinəyə göndərdik”.

B.Saeidan məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, 150 manat cərimə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5910 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...