Qazi Cavid İsaqovun müalicəsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA
44 günlük Vətən müharibəsinin iştirakçısı, Tovuz rayonu Düzqırıqlı kənd sakini Cavid İsaqovla bağlı mediada yayılan reportajdan sonra TƏBİB nümayəndələri onunla əlaqə saxlayıblar.
Bizim.Media xəbər verir ki, bu ilin yanvarında Tibbi-Sosial Ekspert Komissiyası C.İsaqova əlillik dərəcəsinin verilməsindən imtina edib.
Səbəb isə qoyulmuş diaqnozun əlilliyin təyin olunması meyarlarına uyğun olmaması olub.
Cari ilin aprel ayında C.İsaqov stasionar qaydada Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasında müalicə alıb.
Məlumata görə, TƏBİB nümayəndələri ilə söhbət zamanı C.İsaqov Psixiatriya Xəstəxanasında müalicəsinin davam etdirilməsini və əlillik təyinatına yenidən baxılmasını istəyib.
TƏBİB tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına C.İsaqovun Gəncədə müalicəsinin davam etdirilməsi üçün müvafiq göndərişlə təmin olunması tapşırılıb. Stasionar yatışla təmin olunduqdan sonra o, yenidən Tovuz Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasından keçəcək və nəticədən asılı olaraq ona əlillik dərəcəsinin müəyyən olunması məsələsinə təkrar baxıla bilər.
Qeyd edək ki, 20 yaşlı C.İsaqov “Cəsur Döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Ona 2750 manat sığorta ödənişi verilib, yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə “YAŞAT” Fondu tərəfindən onun bank hesabına 2500 manat köçürülüb.
Bundan başqa, Tovuz RİH-nin başçısı C.İsaqovu ziyarət edib, onun anası 2 dəfə RİH-də qəbul olunub və ailəyə ərzaq yardımı, həmçinin evə qaz xəttinin çəkilməsi üçün lazımi maddi yardım edilib.
723 dəfə oxundu