Ailəsi Polad Həşimovun şəhid olduğu postu ilk dəfə ziyarət edib -
Ötən gün ilk dəfə olaraq ailəsi general-mayor Polad Həşimovun şəhadətə ucaldığı postu ziyarət edib.
Yeniavaz.com xəbər verir ki, ziyarətdə Polad Həşimovun həyat yoldaşı Ofeliya Həşimova və oğlanları - Davud və Teymur, Müdafiə Nazirliyinin nümayəndələri iştirak edib.
Postda şəhid generalımızın və bütün şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra şəhid generalın Tovuz döyüşləri zamanı xidmət etdiyi yerlər ziyarət edilib, eyni zamanda, tapşırıqları əsasında dağıdılan düşmən mövqeləri izlənilib.
Həmçinin şəhid generalımızın xanımı ön xətdə xidmət edən hərbçilərlə görüşüb. Onlara xidmətdə möhkəm olmağı arzu edib.
Ofeliya Həşimova həyat yoldaşı ilə qürur duyduğunu və onunla bərabər şəhid olan 11 hərbçimizin qisasının Vətən müharibəsində alındığını deyib. Torpaqlarımızın işğaldan azad edilməsinin şəhid ailələri üçün tək təsəlli və qürur mənbəyi olduğunu bildirib.
Şəhid generalımızın ailəsinə bu postun ləyaqətlə qorunacağına və burada Polad Həşimovun xatirəsinin daim əziz tutulacağına dair şərəf sözü verilib.
Daha ətraflı “Xəzər Xəbər”in reportajında:
777 dəfə oxundu