Dövlət qulluğu imtahanına sayğısız yanaşanlara PUL CƏZASI

Dövlət qulluğu imtahanına sayğısız yanaşanlara
Qanunvericiliyin tələblərinə əsasən, dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər.


Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası müəyyən edir.


Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 5 nömrəli qərarına əsasən “Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddətinin hər ili ərzində beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği dövlət qulluğu vəzifələrinin növlərinə müvafiq olaraq test imtahanı tariflərinin 50% miqdarında müəyyən edilib.


Modern.az xəbər verir ki, bununla bağlı danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ödənişlərin dövlət qulluğuna sayğısızlığın qarşısını almağa xidmət etdiyini bildirib:


"Xeyli müddətdir ki, dövlət qulluğuna qəbulla bağlı DİM-in müsahibə komissiyasında iştirak edirəm. İndiyədək proses elə qurulmuşdu ki, iddiaçı istədiyi sayda dövlət vəzifəsinə iddia edə bilər, istədiyi zaman imtahana qatılmaya bilərdi. Bu səbəbdən də baş tutmayan müsahibələrin sayı çox olurdu. Elə namizəd olurdu ki, 40-50 vəzifəni tutmaq üçün müraciət edirdi və kefi hansında istəsə, onda iştirak edirdi.


Rəsmi məlumata görə, indiyədək təyin olunan müsahibələrdən 63%-nin keçirilməsi məhz namizədlərin müsahibələrdə iştirak etməməsi və ya imtina etməsi səbəbindən mümkün olmayıb.


Hazırda isə qanunvericiliklə bu məsələlər yenidən tənzimlənib. Artıq beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini Tarif Şurası müəyyən edib. İddia edilən dövlət vəzifəsinin daxil olduğu qruplardan asılı olaraq bu məbləğ 40-60 manat arasında müəyyən olunub.

Eyni zamanda iştirakla bağlı öncədən məlumat verilmədikdə ödəniş geri qaytarılmır və üzürsüz yayınma müsahibə sayında nəzərə alınmayacaq. Yəni artıq onun pulsuz iştirak hüququ olan müsahibələrin sayı azalmış olacaq. Beləliklə, artıq elə situasiya formalaşıb ki, müsabiqənin müsahibə mərhələsində iştirak üçün müraciət edən namizəd gərək ödənişsiz iştirak hüquqlarından səmərəli istifadə etsin. Həmçinin qabaqcadan ciddi hazırlıq olmalıdır ki, şansı azalmasın".

Osman Gündüzün fikrincə, hələlik bununla bağlı məlumat yetərli deyil:

"Elə ötən gün keçirilən müsahibədə bir daha bunun şahidi olduq. İddiaçıların bəzilərinin yenə də açıq-aşkar heç bir hazırlıq olmadan, sanki tanışlıq və ya özünü sınamaq məqsədilə müsahibəyə qatıldığı hiss olunurdu. Odur ki, müraciət edənlər yetərincə uğur qazana bilmədi və pulsuz iştirak hüququ olan müsahibə sayı azalmış oldu. Bu gün DİM yenidən bu haqda açıqlama verib və namizədləri yeni qaydalarla tanış olmağa və müsahibələrə diqqətli yanaşmağa çağırıb".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
724 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...