Eldar Mahmudovun villasının qarşısında etiraz - FOTO
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun Nardarandakı villasının qarşısında etiraz aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar yayılıb. Etirazçılar vaxtilə MTN tərəfindən saxta ittihamlarla qanunsuz həbs olunduqlarını, yaxınlarından külli miqdarda pul alınandan sonra həbsdən buraxıldıqlarını deyiblər. Onlara vurulan ziyanın ödənilməsini tələb ediblər. Etirazçılar əllərində “Təhdidlə ailələrimizdən aldığınız pulları qaytarın!”, “Azərbaycan dövlətinə güc göstərməyin, pullarımızı qaytarın!”, “Bizə qarşı cinayətinizi qiyamət də örtməz!” yazılmış plakatlar qaldırıblar.
Aksiya iştirakçıları Eldar Mahmudovun, sabiq Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovun məsuliyyətə cəlb olunmasını istəyiblər. Onlar iddia ediblər ki, MTN-də ailələrindən alınan pulların böyük bir hissəsi bu şəxslərə çatıb.
DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, aksiya dinc şəraitdə keçib: “Aksiya zamanı heç bir insident yaşanmayıb, saxlanılan olmayıb”.
Qeyd edək ki, etirazçılar Bakı Hərbi Məhkəməsində araşdırılan və “MTN işi” kimi tanınan cinayət işində zərərçəkmiş şəxslərdir. Hazırda uzun illər MTN-in İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş şöbə rəisləri Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərovun məhkəməsi gedir.
Onlar vəzifədə olduğu müddətdə 14,3 milyon manat rüşvət almaqda, hədə-qorxu ilə 5 milyon manatı ələ keçirməkdə ittiham edilir.
2910 dəfə oxundu