"İnsanlar kütləvi şəkildə krediti ödəməkdən imtina edəcək"

"İnsanlar kütləvi şəkildə krediti ödəməkdən imtina edəcək"


Maliyyə sahəsi üzrə ekspert Əkrəm Həsənov Mərkəzi Bankın üzən məzənnə siyasəti ilə bağlı qərarını növbəti şok devalvasiya adlandırıb.

O, Modern.az saytına deyib ki, məzənnə stabil qalmayacaq və manat dollar qarşısında ucuzlaşmaqda davam edəcək, problemli kreditlərin həcmi sürətlə artacaq: “Kommersiya banklarının problemli kreditləri daha da artacaq. Çünki indiyə qədər ödəyənlər də artıq bundan imtina edəcəklər. Söhbət yalnız əhalidən deyil, biznesdən gedir. Sahibkarların da dollarla, avro ilə olan kredit borcları çoxdur.

Onlar da bu yükün altına girə bilməyəcəklər. Bankların əhaliyə və sahibkarlara verdiyi kreditlərin problemləri artacaq. Bu vəziyyətdə banklardan əmanətlərin kütləvi şəkildə çıxarılması prosesi sürətlənəcək. Deməli, bankların xərcləri artacaq, gəlirləri isə azalacaq.

Buna görə də bankların böyük əksəriyyəti bazarı tərk edəcək və bağlanacaq”. Maliyyəçi hesab edir ki, bu məqamda kommersiya bankları əhaliyə qarşı daha da amansızlaşacaq: “Banklar indiyə qədər istifadə etdikləri qanunsuz metodlardan daha çox istifadə etməyə başlayacaqlar. Məlumdur ki, banklar insanları min cür hədə ilə qorxudur, vəsaitləri geri tələb edirlər. Proses güclənəcək. Məhkəmələrdə anlaşılmaz qərarların qəbulu çoxalacaq. Amma son nəticədə bunlar banklara heç nə verməyəcək.

Onsuz da əhalinin gəlirləri yoxdur. Gəlir olmayan şəraitdə məhkəmə proseslərinin çoxluğu və uzunluğu əhalinin xeyrinə olacaq. Çünki onlar gəlirlərinin və işçilərinin azaldığı dövrdə çoxsaylı və uzunmüddətli məhkəmə proseslərini aparmağa qadir deyillər.
Dəfələrlə əhalinin qanuni yolla borclarını azaltmağın yollarını açıqlamışam.

Yəni vətəndaşın gəliri yoxdursa, ödəmir. Bu qədər sadədir. Bu vəziyyətdə borclu vətəndaşlarımız banklara qarşı birləşməlidirlər. Mən də bundan sonra fəaliyyətimi bu sahədə daha da genişləndirəcəyəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1131 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...