Bakı sülhməramlıları Qarabağdan necə çıxartdı?

Bakı sülhməramlıları Qarabağdan necə çıxartdı?
Rusiya sülhməramlıları Qarabağdan çıxır. Bakı və Moskva bu haqda rəsmi açıqlama verməsə də, yayılan görüntülər prosesin başlandığını göstərir. Ermənistan mediası da məlumatı Rusiya hərbi mənbələrindən dəqiqləşdirib. Hərbi mənbələr sülhməramlıların mərhələli şəkildə çıxarıldığını təsdiq ediblər.

2023-cü ilin 20 sentyabrında Qarabağda separatizmin ləğvi və ermənilərin Ermənistana qayıtmasından sonra sülhməramlıların missiyası de-fakto bitmişdi. Lakin rəsmi Bakı Rusiya ilə münasibətlərə görə bu məsələdə israr etmədi, prosesin 10 noyabr razılaşmasına uyğun irəliləməsindən yana oldu. Bu razılaşmaya görə, sülhməramlılar 2025-ci ildə Qarabağdan çıxmalı idilər, hərçənd, prosesin vaxtından əvvəl başlamasının mümkün səbəbləri ola bilər:

- Moskvada anlayırlar ki, sülhməramlıların Qarabağda işi bitib, bir il daha qalmaq özləri üçün də əlavə yükdür;

- Ukrayna müharibəsi fonunda hərbi qüvvə çatışmazlığı yaşayan Rusiyanın bu qoşunlara ehtiyacı var;

Nəticə etibarilə, rus qoşunlarının Azərbaycan ərazisində qalması təhlükəsi də aradan qalxır. Və bunu 44 günlük müharibədən sonra Azərbaycanın daha bir qələbəsi hesab etmək olar.

Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi haqlı olaraq ictimai narazılıq yaratmışdı, lakin burada rəsmi Bakının çoxtərəfli siyasi planı var. Bu haqda hələ 10 noyabr razılaşmasından sonra yazmışdıq.

- Bakının rus qoşunlarının Qarabağa gəlişinə razılıq verməsi, münaqişənin bitməsi, qələbənin rəsmiləşdirilməsi gedişi idi, əks təqdirdə, müharibə bitsə belə münaqişə bitməyəcəkdi;

- Bakı Rusiyadan Qarabağ məsələsində digər maraqlı tərəfləri – ABŞ və Fransanın müdaxiləsinin qarşısını almaq üçün istifadə etdi;

- Türkiyəni bölgəyə gətirməklə Rusiya qarşısında qalxan yaratdı: Ağdamdakı monitorinq mərkəzi heç bir iş görməsə belə, mövcud olması Rusiya qarşısında Azərbaycanın əlini gücləndirən faktor idi;

Rusiya qoşunlarını bölgədə saxlamaq üçün çox çalışdı, lakin Bakı hər bir cəhdə qarşı öz həmləsini edirdi. Hazırki nəticə riskli görünən bu planın uğurla həyata keçirildiyini təsdiq edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
468 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...