Deputat: “İran mediası ermənilərlə eyni cəbhədən çıxış edir”

Deputat: “İran mediası ermənilərlə eyni cəbhədən çıxış edir”
“İranın sərhədə qoşun yığması xəbərinin təxribat olduğunu düşünürəm. Bu, erməni mətbuatının provokativ məlumatları ola bilər. Təsdiq olunmamış məlumatdır. Sosial şəbəkələr vasitəsilə köhnə kadrları da yaymış ola bilərlər. Tam dəqiqləşdirilməmiş bu məlumata inanmağın və ajiotajın yaradılmasının əleyhinəyəm. İran mediası da ermənilərə uyğun kifayət qədər materiallar yayır, onların mediası ermənilərlə eyni cəbhədən çıxış edir. Bu, artıq heç kim üçün sirr deyil...”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, artıq İranın Cənubi Qafqaza yönəlik siyasəti tam çılpaqlığı ilə bəllidir: “Tehran sammitində də İranın Ali rəhbəri Seyid Əli Xamenei tam açıq şəkildə Azərbaycana dost olmayan, ölkəmizin əleyhinə bəyanatla çıxış etdi. Bu da onu göstərir ki, İran hər zaman bütün islam dəyərlərinə, qonşuluq, dostluq, qardaşlıq dəyərlərinə zidd hərəkətlərə yol verə bilər. Daim bunu nəzərə almalıyıq və geosiyasi mənada Azərbaycanın əleyhinə yönəlik xarici qüvvələrin neytrallaşması baxımından müvafiq adekvat addımlarımızı atmalıyıq. Bunun üçün Azərbaycanın kifayət qədər operativ diplomatik təcrübəsi var. 44 günlük Vətən Müharibəsi ərəfəsində də səmərəli şəkildə bu təcrübədən yararlandıq. Hesab edirəm, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev bütün nüansları nəzərə alır və hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görür. Azərbaycanın atdığı addımların hər biri beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. Azərbaycan tərəfindən qəti şəkildə digər beynəlxalq konvensiyaların pozulmasına yol verilmir. Dünən gördük ki, Laçın rayonu ərazisində əsgərimiz şəhid oldu. Bu, növbəti erməni təxribatının nəticəsi idi. Ermənilər 10 noyabr bəyanatının konkret müddəalarının 4-cü və 9-cu bəndini yerinə yetirməkdən imtina edirlər. Vaxt uzatmaq məqsədilə atəşkəsi pozur, təxribatlara yol verirlər. Təbii ki, bu cür provokativ təxribatların sonu ola bilməz. Azərbaycan Ordusu ləyaqətli şəkildə cavablarını verdi. “Qisas” əməliyyatı artıqlaması ilə düşmənə baha başa gəldi. Bir şəhidimizin əvəzinə, ermənilər dəfələrlə artıq itki verdilər, texnikalarını itirdilər. Həm strateji, həm coğrafi, xüsusən də psixoloji üstünlük bizim tərəfimizdədir. Ordumuzun döyüş qabiliyyəti, psixoloji durumu imkan verir ki, istənilən tapşırıqları icra etsin, ərazi bütövlüyümüzü qorusun. Bu baxımdan, İranın belə bir davranışları nəzərə alınırsa, təbii ki, ölkəmizin imkanı var, dostlarımızla birgə adekvat cavablar veriləcək”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
143 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...