Gürcüstan prezidenti tamamilə xalqın tərəfinə keçdi: “Bu, göz qabağındadır”
Gürcüstan prezidenti Salome Zurabişvili çərşənbə günü ölkədə "xarici agentlər haqqında" mübahisəli qanun layihəsinin birinci oxunuşu ilə bağlı etirazları şərh edərək, hakimiyyəti nümayişçilərə qarşı zorakılıqdan çəkinməyə çağırıb.
Qaynarinfo "İnterpressnews”a istinadən xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.
Gürcüstan prezidentinin sözlərinə görə, "aydındır ki, ölkə xalqı qeyri-demokratik yol seçmək istəmir”, çünki Gürcüstanın yaxın tarixində hər dəfə Avropalı gələcəyi və Avropa dəyərlərini seçib.
"Aydındır ki, təqdim olunan və mənim veto qoyacağım qanun layihəsi, artıq dediyim kimi, Avropa İttifaqının müdafiə etdiyi bütün prinsiplərə zidd olan qanundur və bu, bizim namizəd statusunun verilməsi ilə bağlı qərarı gözlədiyimiz bir vaxtda baş verir.”, - Zurabişvili bildirib.
O vurğulayıb ki, Gürcüstan hazırda "gələcəyimiz üçün çox mühüm yol ayrıcındadır” və etirazçılar öz hərəkətləri ilə "Avropada olmaq istədiklərini açıq şəkildə bildirirlər”.
"Əgər parlament, çoxluq, hakim partiya öz əhalisi qarşısında məsuliyyət hiss etmirsə, deməli, bu, onların problemləridir", - Gürcüstan prezidenti vurğulayıb və Gürcüstanın Avropa gələcəyini dəstəklədiyini qeyd edib.
Məlum olduğu kimi, çərşənbə axşamı Gürcüstan parlamenti gözlənilmədən birinci oxunuşda Qərbin təsirini məhdudlaşdırmağa yönəlmiş Rusiya qanunvericiliyinə bənzər "xarici agentlər” haqqında qanunu qəbul edib. Bu, parlament qarşısında kortəbii etirazlara və toqquşmalara səbəb olub, bu zaman polis gözyaşardıcı qazdan, sonra isə aksiyanı dağıtmaq üçün su şırnaqlarından fəal istifadə edib. 60-dan çox adam saxlanılıb.
Bundan sonra müxalifət "qələbəyə qədər” gündəlik etiraz aksiyalarına keçəcəyini vəd edib. Gürcüstan prezidenti Salome Zurabişvili etirazçılara dəstək verib.
Martın 8-də Tbilisidə parlamentin yaxınlığında yeni böyük mitinq toplanıb. Onun iştirakçıları parlament binasını mühasirəyə almaq qərarına gəliblər, buna cavab olaraq asayiş keşikçiləri su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər və etirazı dağıdıblar.
Artıq ABŞ, Aİ, NATO, Avropa Parlamenti və Böyük Britaniya qanun layihəsini və etirazların dağıdılmasına sərt reaksiya veriblər.
365 dəfə oxundu