Azərbaycanda avtomobillərin qiyməti bahalaşır?

Azərbaycanda avtomobillərin qiyməti bahalaşır?

Mart ayında Azərbaycanda avtomobillərin bahalaşması gözlənilmir. Bunu Trend-ə nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, ölkəmizin avtomobil bazarında hazırda vəziyyət stabildir. "Qiymət artımı əsasən yanvarın ilk həftəsində ölkəmizə idxal olunan komfortlu avtomobillərdə qeydə alınıb.Bunun da əsas səbəbi aparıcı avtomobil istehsalçılarının ehtiyat hissələrinin çatışmazlığı və daşıma şirkətlərinin qiymətlərinin artırılmasıdır."

Ekspert bildirib ki, yeni avtomobillərdən fərqli olaraq ikinci əl avtomobil bazarında mühərrik həcmi 3000 kubsantimetrdən yuxarı olan avtomobillərin qiymətində 5% ucuzlaşma qeydə alınıb.

"Ucuzlaşmanın əsas səbəbi Aİ-95 markalı benzinin bahalaşması və sığorta qiymətlərinin dəyişməsi ilə bağlıdır. Ötən ay bazar stabil qalıb. Görünür ki, yaz aylarında bazarda qiymətlər sabit qalacaq. Hazırda vətəndaşların yeni avtomobillərdən ən çox maraq göstərdiyi "krossover" və mini "krossover"lər, hibrid və elektromobillərdir", - deyə ekspert əlavə edib.

E.Cəfərovun sözlərinə görə, Rusiyadan Azərbaycana minik avtomobillərinin idxalı kəskin azalıb. "Bu avtomobillərin yerini bazarda artıq Çin istehsalı olan avtomobillər tutur", - deyə ekspert qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
450 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...