Ərdoğan Merve Kavakçını tutduğu vəzifədən azad edib
Türkiyə Xarici İşlər Nazirliyinin Xarici Siyasət Məsləhət Şurasının iki üzvü vəzifəsindən azad edilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan fərman imzalayıb.
Bildirilir ki, Xarici Siyasət Məsləhət Şurasının üzvlüyündən azad olunanlardan biri 7 ay əvvəl bu vəzifəyə təyin olunan Merve Safa Kavakçıdır.
Merve Safa Kavakçı 1999-cu il seçkilərində Fəzilət Partiyasından İstanbul millət vəkili seçilib. 1999-cu il mayın 2-də Türkiyə Böyük Millət Məclisində keçirilən andiçmə mərasiminə qadağan olunmasına baxmayaraq hicablı gəlib və bu səbəbdən də parlamentdən xaric edilib. Barəsində istintaq aparılaraq Türkiyə vətəndaşlığından məhrum edilən Merve Kavakçı 2017-ci il iyulun 3-də yenidən vətəndaşlığa qəbul edilib. Kavakçı 25 noyabr 2017-ci ildə Malayziyaya səfir təyin edilib.
Merve Kavakçının qızlarından biri - Məryəm Kavakçı Prezidentin tərcüməçilərindən biridir. Digər qızı - Fatma Gülham Abuşanab da Prezident Aparatında məsləhətçi vəzifəsində işləyir.
Merve Kavakçının bacılarından biri - Ravza Kavakçı hakim partiyada Ərdoğanın müavini və millət vəkilidir. Ravza Kavakçının qızı Erva Kan isə Prezident Aparatında layihə direktorudur. Ravza Kavakçının həyat yoldaşı Osman Kan isə Səhiyyə Nazirliyinə bağlı Türkiyənin Sərhəd və Sahillər üzrə Səhiyyə Baş İdarəsinin direktorudur.
1090 dəfə oxundu