Bəhruz Məhərrəmov: “Sülh üçün antiterror əməliyyatları beynəlxalq hüquqla tanınan haqqımızdır”

Bəhruz Məhərrəmov: “Sülh üçün antiterror əməliyyatları beynəlxalq hüquqla tanınan haqqımızdır”

“Vətən müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalları ayrı-ayrı zamanlarda artsa da, bölgədə sülh və sabitlikdə marağı olmayan güclərin bu prosesi məqsədli formada ləngitdiyini, yaxud maneə yaratdığını görməkdəyik. Əslində bu, Azərbaycan üçün yeni təcrübə deyil, eyni davranışa biz 30 illik münaqişə dövründə davamlı şəkildə şahid olmuşuq”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, 27 il ortada BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi olmasına, Livan ölçüdə bir ərazidə ekosid və urbisidin davam etməsinə baxmayaraq beynəlxalq ictimaiyyət, ixtisaslaşmış təsisatlar və iri güclər məsələni görməzdən gəlməyə üstünlük verdilər:

“Konkret olaraq münaqişənin həlli ilə məşğul olmalı olan təsisatlar isə daha çox münaqişənin dondurulması, vəziyyətin Ermənistanın lehinə inkişafına şərait yaradılması kimi açıq formada riyakar səylər nümayiş etdirdilər. Son nəticədə cənab İlham Əliyevin rəhbərliyi altında siyasi və iqtisadi müstəqilliyinə tam nail olmuş Azərbaycan özü prosesə müdaxilə edərək BMT qətnamələrini hərbi-siyasi yolla icra etdi.

Sarsıdıcı məğlubiyyətdən sonra ilk dövrlər istisnasız olaraq kapitulyasiya şərtlərini icra edən, Ağdam, Laçın və Kəlbəcəri dinc yolla tərk etməyə məcbur olan Ermənistan Fransa və İrandan, o cümlədən Avropa Parlamenintdən gələn təhrikedici dəstək fonunda yenidən hərbi ritorikaya üz tutmağa və revanşist mövqeni sərtləşdirməyə başlayıb.

Təəssüflər olsun ki, proseslərin bu cür arzuolunmaz gedişatına Rusiya sülhməramlıları da alternativ yollarla Azərbaycanın Qarabağ bölgəsinə hərbi sursat və canlı qüvvə daşınması və xüsusi texnika cəlb edilməklə yeni yolun tikintisinə rəvac verməklə, qeyri-adekvat davranışlarla öz "töhfələrini" verməkdədir. Demək ki, tarix yenidən təkərrür edir və istər beynəlxalq cameə, istərsə də sülh prosesinin gedişatı üzrə üzərinə öhdəlik götürmüş güclər yenidən öz köhnə ampluasındadır”.

Deputat əlavə edib ki, əgər sülhməramlılar öz missiyalarının öhdəsindən gəlmirsə, yaxud, qanunsuz təxribat proseslərinin bir hissəsinə çevrilirsə, beynəlxalq birlik Livan ölçüdə bir ərazinin xarabazara çevrilməsini görmək istəmirsə, utanmazcasına Azərbaycandan öz ərazilərindən separatçılara hərbi yüklərin daşınmasına imkan yaratması tələb olunursa, demək ki, artıq Azərbaycan 2020-ci ildə olduğu kimi bu problemlərə özü müdaxilə edərək həll etməyə məcburdur:

“Bunun üçün bizim kifayət qədər gücümüz də, imkanlarımız da, nüfuzumuz da var. Cənab İlham Əliyevin ötən ilin noyabrın 8-də Şuşadan bəyan etdiyi kimi, "Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür və bunu hər kəs bilməlidir, Ermənistan və hər kəs!"

Bəli, biz ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi konstitusion niyyət kimi bəyan etmişik.

Lakin bizim üçün ilk növbədə özümüzün milli maraqlarımız önəmlidir və biz öz suveren ərazilərimizdə Ermənistanın fərari ordusunun hissələrinin qalmasına, qanunsuz erməni quldur dəstələrinin mövcudluğuna, habelə Ermənistandan gizli yollarla silah-sursat və canlı qüvvə daşınmasına göz yummayacağıq. Bunun üçün bütün tədbirlər, ilk növbədə Azərbaycan Ordusu tərəfindən alternativ yolların nəzarətə götürülməsi, Laçın-Xankəndi yolunun Ermənistanla şərti sərhəd hissəsində buraxılış məntəqələri quraşdırılması artıq zərurətdir.

Eyni zamanda Qarabağ iqtisadi rayonumuzda Ermənistan ordusunun hissələrinin və erməni quldur dəstələrinin mövcudluğuna son qoyulması üçün hərbi məcburetmə tədbirləri istisna edilməməlidir. Davamlı sülh üçün, həmçinin bütövlükdə regionun təhlükəsiz gələcəyi naminə antiterror əməliyyatları, yaxud digər formada hərbi əməliyyatlar bizim beynəlxalq hüquqla tanınan haqqımızdır”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
450 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...