Abşeron rayonunda 2022-ci il sentyabr şəhidləri anılıb
Abşeron rayonunda ötən ilin 12-13 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı qəhrəmancasına şəhid olan hərbi qulluqçuların anım gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə RİH başçısı Abdin Fərzəliyev, rayonun idarə-təşkilat rəhbərləri, YAP Abşeron rayon Təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak etmişdir.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra RİH tərəfindən hazırlanmış və Azərbaycanın düşmən üzərində şanlı qələbəsinə və şəhidlərimizin xatirəsinə həsr olunan sənədli film nümayiş etdirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin möhkəm siyasi iradəsi, uzaqgörənliyi və xalqımızın “Dəmir Yumruq” ətrafından sıx birləşməsi ilə şanlı ordumuz düşmən üzərində döyüş meydanında qalib gəlmişdir. Bu qələbə ilə itirilmiş ərazilərimizi geri qaytaran Müzəffər Ali Baş Komandan dədə-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın böyük qayıdışının əsasını qoymuşdur. Azərbaycan igidlərinin döyüş meydanında göstərdiyi qəhrəmanlıqlarından danışan RİH başçısı qeyd etmişdir ki, respublikamızın bütün ərazisində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərilir və bu qayğı bundan sonra da daimi xarakter alacaqdır.
Daha sonra şəhid Hüseyn Nəcəfzadənin anası Könül Nəcəfzadə, şəhid Nəzər Əzizovun həyat yoldaşı Nərmin Əzizova və Vətən Müharibəsi iştirakçısı Vidadi Əliyev çıxış edərək bildirmişlər ki, ərazi bütövlüyümüzün təmini, Qarabağda həyata keçirilən abadlıq quruculuq işləri və soydaşlarımızın qayıdışı xalqımızı fərəhləndirir. İgidlərimizin milli amal, ana vətən uğrunda şəhidlik zirvəsinə yüksəldiyini vurğulayan çıxışçılar dövlətimizin şəhid ailələrinin və müharibə iştirakçılarının daima yanında olduğunu, onlara böyük diqqət və qayğı göstərildiyini qeyd etmiş və bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə etmişlər.
Daha sonra vətənə, qələbəyə və şəhidlərimizə həsr olunmuş bədii hissə təqdim olunmuşdur.
2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində ordumuza qarşı törətdiyi növbəti təxribat nəticəsində şəhid olmuş, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətənə xidmətə görə", "Vətən uğrunda" medalları ilə təltif olunmuş Qarazadə Nicat Mikayıl oğlunun II Fəxri Xiyabanda məzarı ziyarət edilmişdir. Ziyarətdə Abşeron RİH başçısı Abdin Fərzəliyev, millət vəkili Bəhruz Məhərrəmov, şəhid ailələri və qazilər iştirak etmiş, şəhidin döyüş yolundan danışılmış və ruhuna dualar oxunmuşdur.
O cümlədən dövlət başçımızın müvafiq sərəncamları "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", 3-cü dərəcəli “Vətənə xidmətə görə” və "Vətən Müharibəsi iştirakçısı" medallarına laiq görülmüş şəhid baş leytenan Hüseyn Nəcəfzadənin il mərfasimi keçirilmişdir. RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti şəhidimizin Saray qəsəbə Şəhidlər Xiyabanındakı məzarını ziyarət etmiş, şəhidin döyüş yolundan danışılmış, ruhuna dualar oxunmuşdur.
Qeyd edək ki, 15 sentyabr “Bilik günü” ilə əlaqədar abşeronlu şəhidlərin məktəb yaşlı övladlarının hər birinin şəxsi hesablarına tədris ləvazimatlarının alınması üçün vəsaitlər köçürülmüşdür. O cümlədən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Rəşadət" ordeninə, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülən şəhid mayor Elşad Həsənovun qızı Aysun Həsənli də bu il ali məktəbə daxil olması münasibəti ilə təbrik edilmiş və ona hədiyyələr təqdim olunmuşdur.
519 dəfə oxundu