“Şükür ki, ölüm olmadı, ən böyük təsəllimiz budur”

“Şükür ki, ölüm olmadı, ən böyük təsəllimiz budur”


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisindəki yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və ötən ay cəzaçəkmə müəssisəsində dünyasını dəyişən Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib. Prosesdə 10 nəfər zərərçəkmiş ifadə verib.

Bina sakini Zahidə Ağamalıyeva məhkəməyə verdiyi ifadəsində verilən kompensasiyanın onu qane etmədiyini deyib. Zərərçəkmiş Yeganə Səmədova isə heç kimdən şikayətçi olmadığını, ona verilən kompensasiyadan razı qaldığını deyib.

Zərərçəkmiş Əminə Ənsərova hadisə zamanı evlərinin tamamilə yanaraq külə döndüyünü deyib: “Bu, 63 ailənin başına gələn bir bəla idi. Şükür ki, ölüm olmadı. Ən böyük təsəllimiz budur. Yanğından əvvəl evimizi əsaslı şəkildə təmir etmişdik, parketlərimiziz hamısı Almaniya istehsalı idi. Yanğından sonra isə bütün evlərin hamısını eyni qaydada təmir etdilər. Bu məni qane etmədi və evi yenidən öz hesabımıza təmir etdik”.

Verilən kompensasiyadan razı qalmayan Balaşxan Hümbətov ifadəsində yanğın zamanı bütün əşyalarının yanıb külə döndyünü deyib: “Qab-qacaq, paltar, bir sözlə bütün əşyalar yanıb. Verilən 15 min manata bunların hamsıını necə almaq olar? Həbs edilənlərldən şikayətçi deyiləm, Allah qapılarını açsın”.
Məhkəmə prosesi senytabrın 6-da davam etdiriləcək. Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə və s. istintaq hərəkətləri ilə TNH şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.

Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq, Xətai rayonu ərazisində yerləşən və qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək, barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.

Bildirək ki, əvvəlki məhkəmə proseslərində çıxış edən təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər. F.Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, özünün “Astoriya” MMC adlı tikinti şirkətinin olduğunu və Bakıda bina tikintisi ilə məşğul olduğunu deyib. O, şirkətin rəhbəri olan Məmməd Vəliyevin Azərbaycanı tərk etdiyini söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
841 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...