"Qafqaz İnkişaf Bankı"nın Gürcüstandakı şöbəsi ləğv olundu
Gürcüstan Milli Bankı "Qafqaz İnkişaf Bankı"nın törəməsi olan "Caucasus Development Bank - Georgia" SC-nin lisenziyasını ləğv edib.
"APA-Economics" xəbər verir ki, bununla bağlı müvafiq qərar bu gün verilib.
Xatırladaq ki, bundan öncə tənzimləyici törəməyə müvəqqəti inzibatçı təyin edib. Bu qərar Azərbaycanda bankın baş ofisi ilə bağlı baş verən hadisələrlə əlaqədar olaraq verilib. Gürcüstan Milli Bankından bildirilib ki, bankın Gürcüstandakı fəaliyyətində heç bir problem olmayıb: “Gürcüstanın bank sistemində ümumi aktivlərin 0,14%-nə sahib olan “Qafqaz İnkişaf Bankı-Gürcüstan” müştərilərə xidmət etməkdə davam edir”.
Gürcüstan Milli Bankından bildirilib ki, bankın kapital və likvidlik səviyyəsi kifayət qədər yüksəkdir və lazım gələrsə müvəqqəti inzibatçı kreditorların, o cümlədən əmanətçilərin tələblərini tam həcmdə yerinə yetirə bilər.
“Bununla yanaşı, biz bəyan edirik ki, Gürcüstanın bank sektoru sağlamdır, beynəlxalq təcrübəyə uyğun olaraq tənzimlənir və Gürcüstan Milli Bankının bütün qərarları bank sektorunun davamlı və sabit inkişafına yönəlib, - deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar tarixli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı” ASC-nin bank lisenziyası ləğv edilib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı qərardadı ilə "Qafqaz İnkişaf Bankı" ASC ASC müflis elan olunub. Əmanətlərin Sığortalanması Fondu 16.08.2016-cı il tarixdən qeyd edilən bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb.
792 dəfə oxundu