Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-də işgüzar görüş FOTO
02 sentyabr 2016-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov arasında işgüzar görüş keçirilib
Gundeminfo.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi diqqəti sayəsində bu gün iqtisadiyyatımızın bütün sahələri kimi nəqliyyat sektorunun da sürətlə inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, Bakı Limanının yenidən qurulması Azərbaycanın müasir tarixinin əlamətdar hadisələrindən biridir.
Qeyd olunub ki, dünya bazarlarına etibarlı nəqliyyat çıxışlarının mövcudluğu Azərbaycan da daxil olmaqla, bölgəmizdə yerləşən bütün ölkələrin iqtisadi inkişafı üçün əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, ADA Universiteti mövzu ilə bağlı geniş elmi tədqiqat aparıb və bu sahədə davamlı elmi tədqiqat və kadr hazırlığına olan ehtiyacı nəzərə alaraq ADA Universiteti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə logistika sahəsində magistr proqramına başlayıb.
Bundan əlavə bildirilib ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC (Bakı Limanı) Sinqapurda "SMRT International Pte" MMC və "Ectivise Solutions Pte" MMC ilə yeni Bakı Limanının əməliyyat səmərəliliyini gücləndirmək məqsədilə texniki əməkdaşlıq barədə anlaşma memorandumu imzalayıb.
İki Sinqapur şirkəti Bakı Limanında və Azad ticarət zonasının əməliyyatlarında Qrup Avtomatik Tranzit Sistemi (süni intellektlə sürücüsüz idarə olunun nəqliyyat vasitəsi), Vahid Əməliyyat və Nəzarət Mərkəzi, Avtomatlaşdırılmış Anbar və Axtarış Sistemi, Portal Təhlükəsizlik Sistemi və digər yeni texnologiya və innovativ sistemlərin təqdim edilməsi istiqamətində dəstək verəcəklər. Bu əməkdaşlıq nəticəsində regionda ilk dəfə sürücüsüz daşıma, yəni öz-özünü idarə edən və süni intellektə sahib nəqliyyat vasitələrinin istifadəsi də məhz Bakı Limanında tətbiq olunacaq.
Azərbaycan hökuməti hazırda Bakının Ələt qəsəbəsi yaxınlığında özündə nəqliyyat və logistika sənayesi, əczaçılıq klasteri, ümumi istifadə üçün neft təchizatı bazası obyektləri, o cümlədən emal etmə, qablaşdırma və etiketləmə ərazilərini birləşdirən Azad ticarət zonası da daxil olmaqla müasir liman kompleksi inşa etməkdədir. Bu, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanın qeyri-neft sektorunun gücləndirilməsi istiqamətində qurulan mərkəz strategiyanın bir hissəsidir. Avropa və Asiyanın qovşağında, Çin, Türkiyə, İran və Rusiya kimi böyük bazarların yaxınlığında yerləşən yeni Bakı Limanı Avrasiyanın aparıcı ticarət və logistika qovşağına çevrilməyi hədəfləyir.
Bunlarla yanaşı görüşdə mövcud vəziyyət, yeni iş yerlərinin açılması, ixtisaslı kadrların hazırlanması, Ələt qəsəbəsinin inkişafı və gələcək perspektivləri haqqında da məsələlər müzakirə olunub.
1045 dəfə oxundu