Azərbaycanda növbəti sel təhlükəsi XƏBƏRDARLIQ
Azərbaycanın bəzi çayları üçün hələ də daşqın və selə keçən gursululuq təhlükəsi var. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib. O qeyd edib ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi nəticəsində daxil olan rütubətli hava kütlələri bir çox regionlarda leysan yağışlarla müşahidə olunub.
İnstitut rəsmisinin sözlərinə görə, əvvəlcədən proqnozlaşdırıldığı kimi, yayda sel ocaqlarında külli miqdarda daşınmaya hazır sel materiallarının toplanması nəticəsində bu leysan yağışları ölkənin bir çox çaylarında selə keçən gursululuğa səbəb olub.
E.Əlizadə qeyd edib ki, Dəmiraparançay, Göyçay, Girdimançayda, Kişçay, Şinçay, Kiçik Qafqazdakı Zəyəmçay, Şəmkirçay, eyni zamanda, Qusarçay, Qudyalçay və Vəlvələçayda baş verən gursululuq artıq müəyyən fəsadlar yaradıb: “Bu proseslərdən həm yollar, həm də körpülər ziyan gördü. Nəzərə alaq ki, yaxın 1 həftə ərzində ölkə ərazisində rütubətli hava kütlələrinin qalacağı və bunun da yağıntılarla müşahidə olunacağı gözlənilir. Bu isə o deməkdir ki, daşqın və selə keçən gursululuq təhlükəsi dağ çaylarımızda hələlik qalmaqdadır. Bu baxımdan Böyük Qafqazın cənub yamacı çayları - Kişçay, Şinçay, Kürmükçay, Dəmiraparançay, Göyçay və Girdimançay, Böyük Qafqazın şimal-şərq yamacı - Qusarçay, Qudyalçay, Qaraçay və Vəlvələçay və çox güman ki, həm də Gil-Gilçay xüsusilə təhlükəlidir. Cünki Gil-Gilçaydan daşqın keçməyib, amma orada daşınmağa hazır süxurlar qalıb. Rütubətli havanın qalacağını nəzərə alsaq, Lənkəran-Astara və Gəncə-Qazax zonasının çaylarında da bu hadisələrin təkrarlanacağını yenə də gözləmək olar”.
Xatırladaq ki, sentyabrın ilk günlərində şimal bölgəsinə yağan güclü yağışlar Xaçmaz və Quba rayonlarına ciddi ziyan vurub. Xaçmazın Qarğalıq və Qarabağlı kəndlərində sel suları evləri və təsərrüfat sahələrini basmışdı. Qubada güclü yağışlar nəticəsində yaranan sel rayonun telekommunikasiya sisteminə ciddi ziyan vurmuş, rayonun 20-yə yaxın yaşayış məntəqəsi ilə rabitə əlaqəsi kəsilmişdi. Qəbələnin Laza kəndini sel basmış, evlərin zirzəmilərini, həyətyanı sahələri su basmış, Laza kəndi ilə rayon mərkəzinin əlaqəsi kəsilmişdi.
778 dəfə oxundu