Arıçıların nəzərinə
2016-ci il oktyabrın 15-dən noyabrın 15-dək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Nobel prospekti, 23 ünvanı, “Amay” ticarət mərkəzində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək.
Sərgi-satış yarmarkasının təşkili üzrə işçi qrupundan Trend-ə verilən məlumata görə, iştirak etmək istəyən arıçılardan nazirliyin “1652” nömrəli "Çağrı mərkəzi"nə zəng edərək qeydiyyatdan keçmək xahiş olunur.
Yarmarkada yalnız bilavasitə arıçılıq fəaliyyəti ilə məşğul olan (arı saxlayan və arıçılıq məhsulları istehsal edən) fiziki və ya hüquqi şəxslər iştirak edə bilərlər.
Yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii balın və digər arıçılıq məhsullarının satışına icazə veriləcək. Arıçı-fermerlər tərəfindən yarmarkaya təqdim ediləcək arıçılıq məhsulları əvvəlcədən müvafiq qaydada zona baytarlıq laboratoriyalarında və Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilməlidir. Keyfiyyət göstəriciləri müvafiq laboratoriya tərəfindən təsdiq edilən arıçılıq məhsulları xüsusi nişanlanmış və arıçılıq məhsullarının saxlanılmasına icazə verilən ağzı kip bağlanmış qablarda akt əsasında yarmarkanın müvəqqəti saxlanma anbarında yerləşdiriləcək.
Yarmarkanın keçirildiyi müddətdə şəffaflığın və təhlükəsizliyin təmin olunması məqsədi ilə arıçılıq məhsullarının müvəqqəti saxlanma anbarında və satış pavilyonlarında quraşdırılmış müşahidə kameraları vasitəsilə də nəzarət həyata keçiriləcək. Yarmarkada yerlərin bölüşdürülməsi arıçıların iştirakı ilə püşkatma qaydasında müəyyən ediləcək.
İştirak edəcək arıçılar öz məhsullarını tam həcmdə oktyabrın 1-dən 8-dək yarmarkanın müvəqqəti saxlanma anbarına təhvil verməlidirlər. Oktyabrın 8-dən sonra müraciət edən arıçıların məhsulları satış üçün yarmarkaya buraxılmayacaq.
Sərgi-satış yarmarkasında iştirak etmək istəyən arıçıların qeydiyyatı sentyabrın 15-dən oktyabrın 7-dək aparılacaq. Qeydiyyatdan keçmiş arıçılar, məhsullarının müayinəsi üçün nazirliyin əməkdaşlarına dəstək göstərməyə dəvət edilirlər.
Əlavə məlumat: +99412 4936319 və ya +99412 4935164, www.agro.gov.az
877 dəfə oxundu