Sürücülərə xəbərdarlıq: İcazə müddəti 3 gündən sonra bitir
“Noyabr 15-də avtomobil sahiblərinə, sürücülərə sənaye üsulu ilə hazırlanmış pərdə, plyonka və jalüzlərin vurulması üçün verilmiş icazə müddət bitir
Ona görə də noyabrın 16-dan etibarən Bakının yol polisi qanunla quraşdırılması qadağan edilmiş pərdə, plyonka və jalüzlərdən istifadə edən avtomobil sahibləri və sürücülərə qarşı reydlərə başlayacaq”. Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov qeyd edib ki, “Yol hərəkəti haqqında” Qanuna edilən 1 saylı əlavənin tələbinə, eləcə də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təyin etdiyi normaya əsasən, hər il may ayının 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə pərdə, plyonka və standarta uyğun sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilir. Lakin 3 gündən sonra verilən bu icazə müddəti bitir:
“Bakı Şəhər Dövlət Yol Polisi avtomobil sahibləri və sürücülərin nəzərinə çatdırır ki, noyabrın 16-dan etibarən yol polisi bununla bağlı nəzarəti gücləndiriləcək və müvafiq tədbirlər görəcək.
Belə ki, həmin tarixdən etibarən qanunla qadağan edilmiş pərdə və plyonkalardan, eləcə də kustar üsulla hazırlanmış jalüzlərdən istifadə edən sürücülər və avtomobil sahibləri cərimələnəcəklər”.
V.Əsədov bildirib, İnzibati Xətalar Məcəlləsinə əsasən, bu xətaya görə sürücülər və avtomobil sahibləri 150 manat məbləğində cərimə olunurlar.
866 dəfə oxundu