İcra başçısının sabiq müavini məhkəmədə dindirildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisindəki 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun (iyulun 13-də həbsxanada ürək tutmasından dünyasını dəyişib) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com-un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə iki şahid ifadə verib. Şahidlərdən biri Xətai rayon icra başçısının müavini vəzifəsində çalışmış Qafur Rəhmanov olub. O, ifadəsində bildirib ki, icra başçısının müavini olmamışdan əvvəl Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) rəhbəri vəzifəsində çalışıb. Yanğın baş verən ərəfədə də MKTB-nin sədri olub.
Şahid deyib ki, yanğın baş verən binada üzləmə işləri aparılarkən o, sadəcə olaraq ərazidə təmizlik işlərinə nəzarət edib: "O bina bizim balansımızda deyildi, Bakı Şəhər Departamentinin balansında idi. Binanın fasadlanması işləri Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə aparılırdı. Mənim heç bir işə müdaxilə etmək səlahiyyətim də yox idi".
Hakim isə xatırladıb ki, Bakı Şəhər İcra Hakimiyyətindən məhkəməyə məktub daxil olub ki, həmin ərazidə binaların üzlənməsi sifarişini onlar verməyib.
Qafur Rəhmanov daha sonra əlavə edib ki, icra başçısının müavini təyin olunandan sonra yanğından zərərçəkmiş vətəndaşların qəbulunda işfirak edib: "Mənzilləri tam yanan və qismən zərər görənlər qəbula gəlirdi. Mənzilləri tam yananlara birdəfəlik maddi yardım verildi. Tüstüdən, sudan zərər görmüş mənzil sahiblərinə də köməklik edildi".
O, yanğının hansı səbəbdən baş verməsi ilə bağlı suala cavab verə bilməyəcəyini söyləyib. Hakim şahidin istintaqa da eyni ifadəni verdiyini bildirib.
Digər şahid isə yanğın baş verən binanı üzləyən TNH şirkətinin əməkdaşı olmuş Oruc İsmayılovdur. Rusiya vətəndaşı olan O.İsmayılov deyib ki, şirkətdə qeyri-rəsmi olaraq çalışıb və 600 manat əmək haqqı alıb.
Şirkətin təchizat şöbəsində təchizatçı olaraq işlədiyini bildirən O.İsmayılov nə iş gördüyünü belə danışıb: "Zığ yolunda üzlənən binalara lazım olan materialları mən aparırdım. Sifarişi sahə rəisindən alırdım. Mühasibatlıqdan pulu alıb, bazara gedirdim. Nə lazım olurdusa, alırdım".
O, poliuretan məhsulların istehsalında və daşınmasında heç vaxt iştirak etmədiyini söyləyib. Şahidin ifadəsi başa çatdıqdan sonra hakim Eldar İsmayılov bildirib ki, iş üzrə 17 şahid tanınıb və onlardan 15-i dindirilib. Hakim tərəflərin etirazı olmadığı halda şahidlərin dindirilməsi mərhələsinin məhdudlaşdırılmasını istəyib. Etiraz və əlavə şahidlər olmadığından sənədlərin tədqiqi mərhələsinə keçilib.
Növbəti məhkəmə prosesi noyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Binanı TNH şirkəti poliuretan materialla üzləyib.
Yanğına görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edilib.
805 dəfə oxundu