“Qadınlara qarşı üç istiqamətdə zorakılıq halları mövcuddur”

“Qadınlara qarşı üç istiqamətdə zorakılıq halları mövcuddur”


"Qadınlara qarşı zorakılığı müxtəlif məsələlərlə bağlamaq cəhdləri var. Bunu ayrı-ayrı xalqların adət ənənələrinə, yaxud da dinə bağlamaq istəyirlər".

Modern.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Qadınlara qarşı zorakılığa yox deyək" mübarizə kampaniyasına həsr olunmuş tədbir zamanı deyib.
O bildirib ki, qadınlara qarşı üç istiqamətdə zorakılıq halları mövcuddur: Cinsi, ailədaxili və psixoloji zorakılıq.

"BMT-nin qəbul etdiyi sənədlərdə qadınların təhsilinə, iqtisadi inkişafının yaxşılaşdırılmasına önəm verilir. Bu gün Yaponiyada qadınlara qarşı zorakılıq 15 faizdirsə, bu Efiopiyada 75 faiz ətrafındadır. Buna təsir edən əsas amil iqtisadi inkişafdır", - deyə komitə sədri qeyd edib.
M.Qurbanlı qeyd edib ki, bütün səmavi dinlər və onların müqəddəs kitablarında qadın ilahi səviyyəyə yüksəldilir.

"Bu dinlərin hər birində qadınlara çox böyük hörmət bəslənilir. İslam tolerant din olaraq qadınlara qarşı zorakılığın bütün hallarını pisləyir. İslam dinində qeyd edilir ki, cənnət anaların ayaqları altındadır. Eyni zamanda qadınlar Allahın əmanəti adlandırılır. İslamda təhsil, xüsusilə də qızların təhsili mühüm yer tutur. Məhəmməd peyğəmbər bildirirdi ki, təhsil üçün Çinə qədər gedin. Beşikdən qəbirə qədər elm öyrənin."
O, diqqətə çatdırıb ki, biz analarımıza, bacılarımıza daim diqqət və hörmət göstərən xalq olmuşuq.
"Ermənilər Xocalıda azərbaycanlılara qarşı min bir faciə törədiblər. Lakin Azərbaycan əsgərləri əsir götürdükləri erməni qadınlarına qarşı heç bir zorakılıq etməyiblər, onları geri qaytarıblar. Çünki bu, bizim tərbiyəmizdə var".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
868 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...