İcra başçısı Mədət Quliyevə müraciət etdi — "Bütün bunlar uydurma xəbərlərdir”
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev təcili müalicə üçün Almaniyaya aparılması barədə yayılan xəbərlərə münasibət bildirib.
Ə.Abıyev “Ölkə.Az”-a açıqlamasında yayılan xəbərlərin doğru olmadığını deyib:
“Yazırlar ki, guya səhhətim qəfil pisləşib və Almaniyaya aparılmışam. Bütün bunlar cəfəngiyyatdır. Hazırda da işimin başındayam. Ötən gün isə iclas keçirmişəm. Mən necə Almaniyaya getmişəm ki, Daşkəsəndə işimin başındayam? Məgər Daşkəsəndən Almaniyaya təyyarə reysi var? Bütün bunlar uydurma xəbərlərdir”.
İcra başçısı haqqında yazılan yalan xəbərlərlə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyevə də müraciət etdiyini söyləyib:
“Bu cür yazıları yazan adamlarla bağlı hörmətli Mədət müəllimə də müraciət etmişəm. Onunla danışmışam, məsələ araşdırılacaq. O zaman bəlli olacaq ki, haqqımda yalan xəbərlər yazan adamlar kimlərdir, haradan qaynaqlanır”.
Xatırladaq ki, yerli saytlardan birinin yaydığı xəbərə görə, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində ciddi problemlər yaranıb.
Sayt yazır:
“Əhəd Abıyevin səhhəti pisləşdiyi üçün təcili olaraq Almaniyaya aparılıb. Bir həftədən çoxdur Almaniyada müalicə olunan icra başçısının səhhəti ilə bağlı hər hansı məlumat əldə etmək mümkün deyil. İcra başçısı ona edilən telefon zənglərini cavabsız qoyur.
Məsələ burasındadır ki, Əhəd Abıyev bir müddət öncə Gəncədəki özəl xəstəxanaların birində ürəyindən əməliyyat olunub. Lakin, əməliyyatı uğursuz keçdiyindən, icra başçısının vəziyyəti daha da kritikləşib”.
901 dəfə oxundu