Sabirabadda qız övladlarının dəyərinin təbliğ edilməsi məqsədilə təlim keçirilib

Sabirabadda qız övladlarının dəyərinin təbliğ edilməsi məqsədilə təlim keçirilib

“Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində növbəti təlim Sabirabad şəhərində baş tutub. 21-22 avqust tarixlərində keçirilən təlimdə Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev və Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov da iştirak edib.


Tədbirin ilk hissəsində qonaqların çıxışı dinlənilib. İlk çıxışı Sabirabad İH başçısı Nazim İsmayılov edib. O, belə bir təşəbbüsün həyata keçirilməsinin çox mühüm olduğunu qeyd edib.


Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers deyib ki, BMT-nin Əhali Fondu ilə birlikdə həyata keçirilən layihə Niderland Krallığı və Azərbaycan arasında mövcud olan müxtəlif müstəvilərdə dərin əlaqələrin sübutudur: "Digər olduğca vacib müstəvi məhz bu gün müzakirə etdiyimiz mövzu – cəmiyyətdə qadınlara qarşı ayrı-seçkiliyin qabağını almaqdır. “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi də məhz innovativ yollardan istifadə edərək, gənc kişiləri doğulanların cins nisbətinin pozulmasına qarşı çıxmağa çağırır".


BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayevin sözlərinə görə, Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulmasının qarşısının alınması artıq neçə ildir ki, BMT-nin Əhali Fondunun əsas strateji fəaliyyət prioritetlərindən birini təşkil edir. Bu fenomenlə bağlı aparılmış ən son araşdırmalar zamanı əldə edilmiş məlumatlar göstərir ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Bu problemin illərlə davam etdiyi Hindistan və Çinin təcrübəsi göstərir ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun daha da ağırlaşması, gəlin qaçırma, erkən nikah, insan alveri və s. bu kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir.


Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov isə doğulanlar arasında cins nisbətinin pozulması gəncləri də çox narahat etdiyini qeyd edib: "Ümidvaram ki, bu təlimlərimiz nəticəsində siz gənclərin qız uşaqlarına münasibəti daha uyğun və dəstəkçi olacaq. Çünki gender ayrı-seçkiliyi tək qadınların deyil, bütün cəmiyyətin problemidir”.
Sonra təlimlərə start verilib. Təlimlər zamanı qonaqlara layihənin gedişatı ilə bağlı məlumat verilib. Daha sonra qonaqlar Sabirabad şəhərinin gəncləri ilə tanış olublar və onların mövzu ilə bağlı fikirlərini dinləyiblər. 2 gün davam edən təlimin birinci günü “Gözləntilərin müəyyən olunması”, “Zorakılıq və ayrı seçkilik”, “Gender rollarını araşdırmaq”, “Ailədəki iş bölgüsü”, “Qız uşaqlarının əhəmiyyəti” kimi mövzulara həsr olunub. Təlimin növbəti günündə kişilər həmçinin mövzu ətrafında qrup işlərində iştirak edərək öz fikirlərini bölüşüblər.


Qeyd edək ki, layihə çərçivəsində bu günə qədər Azərbaycanın 17 şəhər və rayonunu əhatə etməklə, 550 gənc kişinin iştirakı ilə 30 təlim keçirilib. Növbəti günlərdə daha 20 təlimin keçirilməsi ilə iştirakçıların sayının 1000 nəfərə çatdırılması hədəflənib.


Məlumat üçün bildirək ki, Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondunun Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə həyata keçirilən layihənin məqsədi gənc və yetkinlərin fəal iştirakına yönələn tamamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır. Belə ki, ilk dəfə olaraq layihə çərçivəsində iştirakçılar məhz gələcək atalar və gənc kişilər arasından seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
765 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...