Aktyorlar arasındakı davanın ilginc təfərrüatları - Rəhimov işdən niyə qovulub?
Akademik Milli Dram Teatrının aktyoru Hikmət Rəhimovun rejissor köməkçisi Vüqar Məmmədovla arasında baş verən davanın və işdən qovulmasının təfərrüatları məlum olub.
"Azdrama"nın aktyoru, Əməkdar artist Əli Nurun AzNews.az-a verdiyi məlumata görə, teatrın əməkdaşları arasındakı dava H.Rəhimovun “rol dəftəri”ni evdə unutması olub. Belə ki, məşq prosesinə gələn aktyor dəftərini evdə unudub. Bu səbəbdən də rejissor köməkçisi Vüqar Məmmədovun dəftərini götürüb: “Vüqar işində ciddidir, o, səhnədə baş verən prosesləri izləyir ki, aktyor əlavə söz işlətməsin. Hikmət Rəhimov məşq zamanı gəlib Vüqar Məmmədovun qarşısından teksti götürüb, başlayıb öz sözləri ilə rolunu deməyə. Vüqar ondan “sənin rol dəftərin haradadır”, - deyə soruşanda aktyor onu təhqir edib və 3 sillə vuraraq dodağını partladıb. İş hüquq-mühafizə orqanlarındadır. Zərərçəkən Vüqar Məmmədov şikayət edib”.
Ə.Nurun sözlərinə görə, H.Rəhimov bu vaxta kimi teatr rəhbərliyi tərəfindən 3 dəfə xəbərdarlıq alıb: “Azər Paşa müəllim onu yanına çağırıb, soruşub ki, özünü niyə belə aparırsan, niyə teatrın əməkdaşını vurursan? O da qayıdıb cavab verib ki, əcəb eləmişəm vurmuşam. Azər Paşa müəllim də ona deyib ki, “səni xüsusi maddə ilə işdən çıxarsam, heç kəs işə götürməycək. Ona görə özün ərizəni yaz, işdən çıx”. Hikmət Rəhimov da ərizə yazıb və həmin ərizəsində qeyd edib ki, “mən belə bir teatrda işləyə bilmirəm”. Azər Paşa müəllim də onu ərizəsi əsasında işdən çıxarıb. Akademik teatrın kollektivi ona çox böyük hörmət etdi. Əgər onu kollektivin rəyi ilə işdən çıxarsaydılar, ömrü böyu işsiz qalacaqdı”.
1145 dəfə oxundu