“Bunu açıqlasam, insanlar Namiqə pis baxacaq“ - Aygün Kazımova

 “Bunu açıqlasam, insanlar Namiqə pis baxacaq“ -


GUNDEMİNFO.AZ xalq artisti Aygün Kazımova ilə müsahibəni təqdim edir

Müğənni bizimlə müsahibəyə gələrkən avtomobili ilə qəza keçirmişdi. Elə söhbətə də həmin qəzanın təffərrüatıyla başladıq:

- Göz-nəzərə inanırsınız?

- İnanmıram, amma var. Pis, enerjisi mənfi olan insanlar var ki, adamın aurasına təsir edir. Bir neçə gün əvvəl maşınımı satmaqla bağlı xəbər yayıldı. Evdən çıxanda plan qurdum ki, sizə xəbər edim məni avtomobilimlə çəkəsiniz və yayımlayasınız. İnsanlar da görsün ki, heç bir problem yoxdur, maşın özümdədir. Şükürlər olsun ki, böyük problemim yoxdur, maşınımla hər yerə gedib-gəlirəm. Deyir, sən saydığını say, gör fələk nə sayır. Hər saniyənin bir hökmü var. Özüm gəldim, amma avtomobilsiz. Mən heç qəza keçirən deyiləm. Çox səliqəli maşın sürürəm. Adamı əcəl hərləyirsə, ən asta sürətlə sürsən də, qarşısını ala bilməzsən.

- Bir neçə gün əvvəl “5-ci element” verilişində hər kəsi təəccübləndirdiniz. Hər kəs qalmaqallarla bol, səs-küylü açıqlamalar gözlədiyi halda, siz çox sakit, sanki verilişi yola verdiniz.

- Çox istədiyim insanlar və sevdiyim kanalın qonağı idim. Elə bir enerji ilə gəlmişdim ki... 1 il onlara naz etdim ki, yox proqrama gəlməyəcəm, küsmüşəm. Səs-küylə gəldim, dedim indi məni sual atəşinə tutacaqlar, maraqlı olacaq, mən də sirlərimi açıb tökəcəm. Gəldim ki, bunlar yatıblar. Verilişin sonuna yaxın bir az aktivlik oldu. Fariz məndən sonra müsahibə verib ki, "Aygün Kazımova əvvəlki kimi cəsarətli ola bilmədi". Bayaq özünə də dedim ki, o açıqlama nə idi, demisən? Sən istədiyini ala bilməmisənsə, mənim kimi hər zaman etirafa açıq olan insana ürəyini açdıra bilməmisənsə, problem sənin özündədir. Məndə günah yoxdur. Özüm də yüksək bir şey gözləyirdim. Axırda qayıtdım ki, bəlkə başlayaq? Bu da yaxşıdır da, yenə təəccübləndirdim. Hamı gözlədiyi olmadı. Mən hər zaman heç gözləmədiyim anda bir partlayış edirəm. Ötən il açılışlardan birində Elza Seyidcahana tort verməməyim hələ də danışılır.

"ELZA MƏNİM "SAMURAY" BACIMDIR"

- Elza Seyidcahanla aranızdakı incikliyə də son qoymusunuz...

- Münasibətlərimiz yaxşıdır. Mən "Şamplena"yam, o da "Sanpleno" oldu. O artıq mənim samuray bacımdır. Var pozitiv deyilənlər, biri də var neqativ. Pozitiv deyilən sözlər sənə müsbət təsir edir və qəbul edirsən. Amma yalan gülüşlə, zarafatla neqativlə deyirsə, hiss edirəm.

- Görünür insanlarda müsbət auraya üstünlük verirsiniz.

- İnsanlardakı bu hissləri illərlə anlamışam. Depressiyada olanda, işim alınmır. Depressiya depressiya, pozitivlik pozitiv əhval gətirər. Depressiyaya çox düşsən, ağır xəstəliklər taparsan. Çünki immunitet zəifləyir.

- Sizə nə müsbət enerji verir?

- Ətrafımdakı pozitiv inanlardan enerji alıram. Gözəl əhval-ruhiyyə mənə xoş gəlir. Xoşbəxtəm ki, Allah mənə elə xüsusiyyət verib. Bunlar sənətimə müsbət təsir edir.

"PULA EHTİYACIM OLSA DA, HƏR TƏKLİFİ QƏBUL ETMİRƏM"

- Son bir neçə ildir efirlərə az-az çıxırsınız.

- Hər şey əhvaldan asılıdır. Təqdim etməyə nəsə varsa, tələbat varsa, çıxırsan. Hər dəfə efir xatirinə verilişə getmək olmur. Müsahibə vermək, dostumla söhbət etmək belə içimdən gəlməlidir. Çox gec-gec müsahibələr verirəm. İllərdir bu sənətdəyəm, artıq nəyi edib, nəyi etməyəcəyimi bilirəm. Hansısa verilişə dəvət alanda da böyük komandamla çalışıram. Biz hazırlaşır, enerji qoyuruq. Nə gəldi geyindim, getdim, ağzıma gələni danışdım ki, məni televiziyada görsünlər etmirəm. Elə reklamlar var ki, onlardan imtina etmişəm. Baxmışam ki, mənə olmaz. Elə deyil ki, maddi baxımdan ehtiyacım yoxdur. Əksinə, maddi baxımdan mənə hər şeydən çox lazımdır. Reytinqimə, imicimə təsir edəcəyini görüb, razılıq verməmişəm. Düzdür büdcəmə mənfi təsiri olub, amma nə etmək olar...

- Maddiyatdan söz düşmüşkən, demişdiniz ki, eviniz kreditdədir. Krediti ödədiniz bitdi, yoxsa hələ də qalıb?

- Hardan qurtarır? İşlərim qurtarır ki, kreditim də bitsin? (gülür) Bir layihə edirəm, sonra oturub ona xərclədiyim pulun altından çıxmağa çalışıram. Bunlar normal haldır. Eşidəndə ki, elə sənətçilərin borcları var, elə müğənnilər iflas olub, özümə təsəlli tapıram. Deyirəm, şükür mən onlardan yaxşıyam. Bir də geyimə qarşı çox həssasam. Bir ara düşündüm ki, mən paltar xəstəliyinə tutulmuşam. Bir gün Filipp Kirkorovun evini gördüm, dedim məndən də xəstəsi varmış ki.

"ƏRİM MALİYYƏ NAZİRİ OLSAYDI DA..."

- Geyimə çox pul xərcləyirsiniz?

- Dəhşət... Mümkün deyil, keyfiyətli olmasını istəyirəm. Həyatım səhnədir, hər şeyimi səhnə üçün edirəm. Keyfiyyətli mal da baha olur. Bunlar da böyük pul tələb edir. Məndə orta hədd yoxdur, ya keyfiyyətli olur, ya da heç olmasın. Mənə pul çatmır. Ərim maliyyə naziri olsa, belə pulu çatmaz, müflis olar.

- Sənət aləmində son günlər çox az insanla yan-yana görünürsünüz. Şou-biznes nümayəndələri ilə dostluğa son qoymusunuz?

- Kiməsə yaxşı münasibətim olursa, onu göstərirəm, layihə edirəm. Hansı hissləri yaşayıramsa, ortaya çıxır. Faiq Ağayevlə hər gün zəngləşməsək də, biz dostuq. Aramızda elə şeylər yaşanıb ki, heç bir sənətçiylə bu olmayıb. “Çəkişməsən bərkiməzsən” bizə aiddir.

- Faiq Ağayev bir müddət əvvəl açıqlama vermişdi ki, sizdən inciyib, onu konsertinizə dəvət etmirsiniz.

- Nə danışırsınız? Heç xəbərim olmayıb. O mənim ürəyimdədir. Faiq o qədər diqqətçil, cavabdeh, ciddidir ki, ona çata bilmərəm. Heç bir yaxınının, qonşusunun, dostunun ad gününü, şad gününü unutmaz. Hər an zəng edər, gedib-gələr. Mən bu baxımdan ondan geridəyəm. Elə xasiyyətim də yoxdur ki, konsertə müğənniləri dəvət edim. Saymamazlıq ola bilməz. Mən kiməsə əsla saymamazlıq etmərəm. Bir vaxtlar mən Brilliant Dadaşovanın konsertinə bilet alıb, qonaqlarımı gətirdim. Kimsə mənim üçün bunu etsə, çox sevinərəm. O mənə hörmət edib, sayıb gəlib. Məni bəyənir ki, dostlarına sənətimi nümayiş etdirir.

"MƏNİ ÇAĞIRMASA DA, ONUN KONSERTİNƏ GEDƏCƏYƏM"

- Dekabrda Faiq Ağayevin solo konserti var, getməyi düşünürsünüz?


- Əlbəttə. Çağırmasa da, gedəcəyəm. Gedib səhnənin kənarına stol qoyub orda oturacağam. Bəlkə də məni qara siyahısına atıb. Ola bilsin Bakıda olmamışam, hansısa konsertinə dəvət edib getməmişəm, haqqı da var məni qara siyahıya salmağa.

- Bu yaxınlarda açıq-aşkar dediniz ki, keçmiş rəfiqəniz Zülfiyyə Xanbabayeva Brilliant Dadaşova qalmaqalında sizin tərəfinizdə olmadığı üçün ondan küsmüsünüz.

- Bəli. O mənim tərəfimdə durmalıydı. Zülfiyyə Brilliantla yüz ildir dostluq edir, o onu tanıyır. Brillant Dadaşovanı kənara çəkib deməliydi ki, ayıbdır. Müqəddəs şeylərə toxunmaq olmaz. Çünki mən Zülyadan həmişə belə addımlar görmüşəm. Ona görə də ondan küsdüm, düz də etdim. Dostluğu təbii edirəm, artistliyi bacarmıram. Dostuma qarşı incik hisslərim varsa, mütləq bildirməliyəm. Yoxsa bu nə dostluqdur. Bu haqda heç vaxt danışmırdım, özü bir dəfə açıqlama verdi. Ona görə də bunu danışdım. Yenə də sirr saxladığım məqamlar var.

"BUNLARI AÇIQLASAM, İNSANLAR NAMİQƏ PİS BAXACAQ"

- Bu yaxınlarda meyxanaçı Namiq Qaraçuxurlu ilə aranızda olan bir məslənin üstü açıldı. Hamı elə bilirdi ki, ayrılandan sonra sizin depressiyaya düşməyinizin səbəbi ayrılıq idi. Amma bəlli oldu ki, ortada başqa səbəblər var idi. Namiq Qaraçuxurlu ayrılıqdan sonra birlikdə qazandıqlarınız bütün mal-mülkü də özü ilə götürüb.

- Bu söhbəti Ranar Musayev efirdə dedi. Bilirəm ki, bəzi dostlarım öz arasında bu məsələni bölüşüb. Düşünürəm ki, bu dostların xoşniyyətli söhbəti olub. Bəli, burada söhbət mal-mülkdən gedirdi. Bunu çox da açıqlamayacam. Bəlkə nə vaxtsa açıb danışaram. İstəmirəm ki, insanlar Namiqə pis baxsınlar. Biz məclislərdə tez-tez bir araya gəlirik. Qəlbimdə inciklik qalmayıb. Mən o küsülülüklə qala bilmərəm.

"BÜTÜN VARIMI-YOXUMU SATIB O LAYİHƏNİ EDƏCƏYƏM"

- Açıqlama verdiniz ki, 30-a yaxın plastik əməliyyat etdirmisiniz. Növbədə yenisi var?

- Hələ mən 30-u az dedim. Növbədə biri də var, niyə gizlədim. Yenə gedəcəm, həmin zülmləri çəkəcəm. Bayaq bir fikir düşündüm. Sevənlərimlə müqavilə bağlayım. Dəhşət, super bir şou düzəldim, konsert verim. Buna görə varımı-yoxumu satım, sonra sevənlərim məni toylarına çağırsın, pullarımı yığım, borclarımı qaytarım. Təzədən yenə olanımı satım, şou edim. Amma gərək hər gün ən az iki toyum olsun, yaxşı vergi də ödəyərəm. Bu təklifi edirəm, sevənlərim razı olsa, edim (gülür).

- Qızınız İlqarə də sizin kimi gec-gec görünür.

- Onun öz dünyası, aləmi, dostları var. Ona güc gəlmirəm, məcburiyyət deyil. Bu yaşında ona nə deyim? Məsləhət verdiyim məqamlar var. Amma sənətlə bağlı bir vaxtlar sözümü dedim, bitdi. Yeni mahnı oxuyanda mən ilk ondan, o da ilk məndən fikir öyrənir. İlqarə çox istedadlıdır, amma bir az tənbəldir. İstedadı Allah verib, inkişaf etdirmək lazımdır. Nə qədər çox işləyərsən, bəhrəsin görərsən.

"ŞƏXSİ HƏYATIM ALINMIR..."

- Həyatınızda sevgi var?

- Qəlbim bomboşdur. Məndə alınmır şəxsi həyat. Nə qədər sənətdə uğur qazanıramsa, şəxsi həyatda o qədər uğursuzluqla üzləşirəm. Şəxsi həyatım olsa, hərtərəfli xoşbəxt adam olaram. O da olmaz axı...

- Bəs biri çıxıb evlənmək təklifi etsə, ailə qurarsınız?

- Heç vaxt bu haqda düşünmürəm. Mənim ağlımı layihələrim zəbt edib. Bir qram da düşünmürəm ki, yenidən ərə gedim. Real olmayan nəyisə xəyal etmirəm. əgər görsəm ki, bu real bir təklifdir, onun haqda düşünməyə başlayaram.

- Yaradıcılıqla bağlı, nə yeniliklər var?

- Çox layihələrim var, hansını birinci edim qərarlaşdırmalıyam. Çılqın bir layihə düşünürəm. Bu Gürcüstandakı prodüserim Stefanninin fikridir. Bir az hazırlaşmalıyam. Nəsib olsa, birdən təqdim edəcəm.

"BU DƏFƏ NATAVANA İNANDIM"

- Son günlər Natavan Həbibinin sizə qarşı barışıq addımı səs-küyə səbəb oldu. Bir çoxları da bu barışığı süni adlandırdı.

- Natavan bir cümlə işlətdi ki, böyümüşəm. Nədənsə, bu dəfə Natavana inandım. Əvvəllər inanırdım, münasibət yaxşı idi. Arada qəribə hallar yaşandı, Natavan gözümən çox düşdü. Deyirdim, bu qız niyə belə edir görəsən? Niyə dinc dayanmır? Vaxt, illər insanı dəyişir. Adam səhvlərini başa düşür. Etiraf insanı bir çox şeylərdən qurtarır, sakitləşirsən, rahatlaşırsan. Bu dəfə inandım və mən tərəfdən qəlbim onunla barışdı. Əsas qəlbin barışsın, dildə min söz demək olar. Mən bu söz-söhbətləri unutmuşam. Hər dəfə nəsə başlayanda, Natavanı kimsə qızışdırırdı, danışırdı, mən də susurdum, axırda ürəyim partlayırdı cavab verirdim. Onda da olay olurdu. İstəmirəm bundan sonra qalmaqal yaşayım. Hər qalmaqal hansısa layihəmi üstələyir. Mən və komandam əziyyət çəkirik, bu boyda işlər edirik. Bir qalmaqal yaranır, işlə bağlı əziyyətimiz olur puç. Həyatımı bu şeylərə sərf etmək istəmirəm.

- Bəs Röyadan barışıq addımı gəlsə, necə reaksiya verərsiniz?

- Heç kimdən barışıq gözləmirəm. Qəlbimdə də heç kimə qarşı kin saxlamıram. Mən o kinlə yaşaya bilmərəm. Yaxşı ki, kinli də deyiləm. Çox kinli insanlar irəli getməz. Pis insan məşhur olar, pislik insanı piar edər. Amma bu neqativ olacaq. Onun adı gələndə, ürək açılmaz, üzlər gülməz. Bu hissləri insana yaşadan aura var. Həm də ekspromtları sevirəm. Yaşadığım hadisələri hər zaman oturub analiz edirəm.

- Yaxınlarda tamaşaçılarınızı nə ilə təəccübləndirməyi düşünürsünüz?

- Elə bir klip təqdim edəcəm ki... Bunu Azərbaycanda heç kim edə bilməyəcək. Onu etmək yenə də mənim boynuma düşür. Söhbət orada mənim görüntümdən getmir. Gərək hər bir obrazı yaşayıb, sonra yaradırsan. Bu da insanın istedadıdır. Məsələn, süpürgəçi Aygün obrazını yaradacamsa, onu elə içdən oynamalıyam ki... Bu cür edəndə tamaşaçı qəbul edir. Yalandan kiminsə etdiyini təkrarlaya bilməzsən, heç buna çalışma da. Onu çatdıra bilməzsən. Nəticədə hamı güləcək, söz-söhbətə səbəb olacaqsan.(axşam.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1271 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...