Bakıda Şaxta baba və Qar qızların sayı azalıb
Yeni il bayramı ilə qədər 6 nəfər Şaxta baba və Qar qız kimi işləmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.
Bu barədə AzVision.az-a a Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib. Onun sözlərinə görə, həmin şəxslərə razılıq verilib.
“Onlar dekabrın 20-dən etibarən “Nəriman Nərimanov”, “28 May” metrosu və Füzuli meydanı yaxınlığında fəaliyyətə başlayacaqlar”.
BŞİH rəsmisi Şaxta baba və Qar qız olmaq istəyənlərin lisenziya üçün 60 manat ödəməli olduğunu deyib. Əlabbas Bağırov hesab edir ki, ötən illərlə müqayisədə bu il onlara müraciət edənlərin sayı xeyli azalıb.
“2014-cü ildə 50 nəfər, keçən il 14-15 nəfər Şaxta baba və Qar qız lisenziyası almaq üçün müraciət etmişdi. Bu il müraciətlər çox azdır. Səbəbin nə olduğunu deyə bilmərəm, yəqin ki, insanların bayram əhval-ruhiyyəsi və ya pul qazanmaq şansları azalıb. Çünki hər kəs öz telefonu ilə şəkil çəkdirir və fotoqrafların çəkməsini istəmir. Şaxta baba və Qar qızı yolka yanına gətirənlər isə fotoqraflar olur”.
1339 dəfə oxundu