Ülviyyə Əliyeva: “Elçi gələnim yoxdur, atam fikir çəkir”
Aktrisa Ülviyyə Əliyeva bu gün Nizami Kino Mərkəzində nümayiş olunacaq “Ər quyusu” filmindən danışıb.
Musavat.com saytının suallarına cavab verən aktrisa sözügedən ekran işinin komik hadisələrlə zəngin olduğunu bildirib:
Bu gün rol aldığınız “Ər quyusu” filminin təqdimat mərasimi keçiriləcək. Tamaşaçıları necə bir film gözləyir
- Bu gün möhtəşəm qala gecəsi olacaq. Bütün komanda olaraq həyəcanlıyıq. Ailə üzvlərim də həyəcanlıdır, çünki həyatımın ikinci möhtəşəm qala gecəsi baş tutacaq. Birincisi 10 il öncə Rafael və Coşqunla çəkildiyim "Hərənini öz payı, öz tayı" filmi olub. Orada Çiçək obrazını canlandırırdım. O film mənə uğur gətirdi. İndiyə kimi filmin kaset və diskləri evlərdə var. Bu yaxınlarda Sankt-Peterburqa getdim, orada qonaq olduğum hər evdə filmin kasetini gördüm. Çox təəccübləndim. "Ər quyusu"nun da mənə uğur gətirəcəyinə inanıram. Allah əziyyətimizi yerdə qoymayıb. Gözəl, ailə ilə baxılmalı film ərsəyə gətirdik. Filmdə açıq-saçıq səhnələr, söyüşlər yoxdur. Ailə daxili filmdir. Tamaşaçılar bolluca güləcək.
- Ülviyyə xanımın rolu nədən ibarətdir?
- 6 bacının ən böyüyünü canlandırıram. Rayon yerində yaşayırıq, yaşım artıq ötüb, elçi gələnim yoxdur deyə atam fikir edir. Çünki oğul istəsə də, olmayıb. Kürəkən istəyir, qızlarını alan yoxdur. Anam isə oğul dünyaya gətirmək eşqindədir. Qızlarının bəxtini açmaq adı ilə falçıya gedir və oğlu olması üçün iş gördürür. Zəhmətkeş xanımı canlandırıram. Ailə qurmağı isə atamın kürəkən arzusu və bacılarının da ərə gedə bilməsi üçün istəyirəm. Çünki böyük bacı ailə qurmayanda balacalar da elçiyə "yox" deyir.
- Filmin trillerindən gördük ki, kənd həyatı, oğul istəyən ata, ərə getmək istəyən qız əks olunub. Film vasitəsilə xüsusi bir mesaj veriləcəkmi?
- Hər filmin özünəməxsus mesajları olur. Bizim də filmdə də cəmiyyət üçün önəmli mesajlar var. Amma bu haqda çox danışmaq istəmirəm. Qoyun, filmi izləyənlər özləri o mesajları alsınlar. O zaman onlar üçün maraqlı olar.
- “Ər quyusu” filmini son zamanlar çəkilən filmlərdən nə fərqləndirir?
- Bizim film kommersiya məqsədi ilə çəkilməyib, festivallar üçün nəzərdə tutulub. Xarici ölkələrdə tələb olunan kriteriyalara cavab verir. "Ər quyusu" filmində senzuradan kənar sözlər, zarafatlar yoxdur.
- Hər filmi bəyənənlərlə yanaşı tənqid edənlər də olur. Tənqidlərə necə hazırsınızmı?
- Tənqid olmayan yerdə inkişaf olmur. Tənqid təhqirə keçmədiyi müddətcə qəbul olunandır. Əsaslı tənqidə hazırıq. Tənqidə açıq insanam. Hər zaman tənqiddən nəticə çıxarmışam, yoxsa yerimizdə sayarıq.
Qeyd edək ki, yazıçı Səidə Haqverdiyevanın müəllifi olduğu “Qara qızın qara bəxti” hekayəsinin motivləri əsasında çəkilən “Ər quyusu”nda əməkdar artistlər Sevinc Sarıyeva, Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov və Gülnarə Abdullayeva rol alıb.
Ailə-məişət mövzusunda çəkilən tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Əfşan Əsədovadır. Ekran işinin səs operatoru Kamal Qarabasma, səs rejissoru isə Anar Quliyevdir.
1527 dəfə oxundu