Xalq artisti Xuraman Qasımova: “Bizə qarşı qurulmuş xüsusi bir plan vardı”
Müsavat”ın budəfəki qonağı dünya şöhrətli ifaçı, xalq artisti, professor Xuraman Qasımova oldu. Xalq artisti ilə görüşümüz çalışdığı Bakı Musiqi Akademiyasında baş tutdu. İfaçı müsahibə verməzdən əvvəl qarşımıza belə bir şərt qoydu:
- Vaxt məhdudiyyətindən tez-tez də olmasa da, qəzetçilərlə görüşürəm. Məsləhətimi, açıq sözümü deməkdən çəkinmirəm. Bu səbəbdən görüşürüksə, söhbətimiz alınacaq. Yox əgər siz başqa bir məqsədlə gəlimisiniz, o zaman söhbətimiz alınmayacaq, baxmayaraq ki, ölkədə söz azadlığı var və sizin qəzetinizlə çox yaxşı münasibətlərimiz var. Biz qalmaqallı, dedi-qodu mövzulardan uzağıq.
- Xeyr, bizi təkcə sizin son illərdəki yaradıcılığınız maraqlandırır və bir neçə sualımıza aydınlıq gətirməyinizi istərdik. Necəsiniz, hazırda nə işlə məşğulsuz, yaradıcılığınızda nə kimi yeniliklər var?
- Şükür ki, hər şey yaxşıdır. Bu il artıq səhnədə olmağımızdan 40 il ötür, uzun bir yaradıcılıq ömrü keçmişik və deməyə sözümüz az deyil. Hazırda İtaliyanın Florensiya şəhərinə səfərə hazırlaşırıq. Biz ora ustad dərslər verməyə dəvət ediblər. Bununla bərabər, eyni zamanda solo konsertimiz də var. Fortepianoda bizi kafedramızın dosenti Rəna Ağayeva müşayiət edəcək. Bu, Təhsil Nazirliyi və BMA ilə İtaliya dövləti arasında bağlanan layihə çərçivəsində gənclərlə bağlı keçirilən maraqlı bir proyektdir. Bu yaxınlarda isə Fidan xanımla birgə Yaponiyadan qayıtmışıq. Hələ də həmin ölkənin təəssüratları altındayıq və çox vacib bir hadisə - mənim başımın tacı olan bacımın, Fidan xanımın iyun ayında yubileyidir. Bu yubileyə də hazırlaşırıq. Paralel olaraq əsas işimizi də unutmuruq, yəni gənc tələbələrimizi, səhnəmizin davamçılarını hazırlayırıq.
- Hazırda opera sahəsindəki vəziyyət sizi qane edirmi?
- Biz Opera Teatrından çoxdan, 15 ildir ki, ayrılmışıq. Daha doğrusu, məcburi uzaqlaşdırılmışıq və mən bu barədə danışmağı sevmirəm. Lakin opera sənəti, teatr, məni çox maraqlandırır, baxmayaraq ki, uzun illərdir ki, onun yanından belə keçmirik. Amma orada olan yeniliklərdən xəbərdarıq, çünki səhnədə çalışan ifaçıların əksəriyyəti BMA-nın solo oxuma kafedrasının yetişdirmələridir. Mən isə artıq 25 ildir ki, həmin kafedraya rəhbərlik edirəm və tələbələrimizin hər birini gözəl tanıyıram.
- Bəs gənclərin bu sənətə marağı necədir?
- Maraq, həvəs, istək... bunlar gözəl sözlərdir. Lakin biz opera sənətindən danışırıqsa, bu bir mürəkkəb sənətdir və hər kim istəyib həvəs göstərirsə, o böyük bacarığı əldə edə bilməz. Bunun üçün bir çox amilə nail olmalısan. Ən birinci şərt isə səsdir. Hazırda həvəsli, maraq göstərən, sənəti sevən gənclərimiz az deyil. Lakin əvvəllər daha çox idi. Bakıda axı çox millətlər yaşayırdı: azərbaycanlılar, yəhudilər, ruslar və sairə. Həmin illər konservatoriyanın özündə də çoxmillətli, peşəkar, pedaqoqlar dərs verirdi. Fidan xanım konservatoriyanın iki fakültəsini bitirib: skripka və vokal. Daha sonra Moskva Konservatoriyasında iki il təhsilini aspiranturada təkmilləşdirib. O, sözün əsl mənasında əsl musiqiçidir. Mən də Üzeyir Hacibəyli adına Konservatoriyanın solo oxuma bölümünü bitirmişəm. Eyni müəllimin yetirmələriyik. Bütün müəllimlərimizə minnətdarıq, bizə gözəl musiqi savadı öyrədiblər. Amma biz də yaxşı tələbə olmuşuq, yorulmadan öz üzərimizdə çalışmışıq. İndi illər keçib və çox şeylər dəyişib. Təhsil sistemimizdə də böyük dəyişikliklər olub. Məlum olduğu kimi, biz Bolonya sisteminə keçmişik, təhsil iki pilləli olub. Gənclər isə bunu çətinliklə qəbul edir, qavrayırlar. Kafedramızın peşəkar kollektivi əlindən gələni əsirgəmir ki, heç olmasa, 5-6 nəfər gözəl, savadlı tələbə üzə çıxsın.
Qəbul üçün ərizələr bəzən çox olur, buna biz də sevinirik. Lakin sonra abituriyent illik təhsil ödənişini eşidəndə, fikrini dəyişir və imtahanlara gəlmir. İldə 3 min manat təhsil haqqı ödəmək çoxları üçün çətindir. Keçən il biz 1-ci kursda 10 nəfər tələbə qəbul edə bildik. Hazırda 3-cü kursda isə cəmi 5 tələbə təhsil alır. Onlar da özünə hansı səhnəni seçəcək, bunu demək çətindir, çünki dediyim kimi, opera səhnəsi böyük bir bacarıq, qabiliyyət, güclü səs tələb edir. Hər gənc bunu bacarmaz. Bizim zamanlarda sonuncu məzun imtahandan sonra böyük, peşəkar pedaqoqlar komissiyası tərəfindən diplomla bərabər məzuna uyğun təyinat verilirdi. İndi isə çox şey fərqli olub. Bəziləri təhsilini bitirmədən belə teatrda və ya başqa kollektivdə işə başlayıblar ki, təhsil pulunu ödəsinlər. Şəxsən mən bunu dəstəkləmirəm. Diplomunu al, sonra harda istəyirsən, bacarırsan işlə.
xuraman qasimov2.jpg (157 KB)
- Son vaxtlar belə bir vəziyyətin şahidi oluruq: yüksək səviyyədə təhsil almış, istedadlı gənclərimiz tanınmaq üçün Türkiyəyə, oradakı musiqi yarışmalarına üz tuturlar.
“Opera sənətçisini toy meydanlarında görəndə əhvalım pozulur”
- Buna daha çox yüngül janr və ya yüngül yolla pul qazanmaq deyirlər. Opera sənətçisini toy meydanlarında görəndə əhvalım çox pis pozulur. Belə məclislərin öz ifaçıları var. Hər hansı bir yarışmada ifa etmək ayıb deyil ki, təki uğurlu nəticə olsun. Gənc ifaçı təhsil diplomunu əldə etdikdən sonra hər hansı bir səhnəni seçə bilər, pedaqoq da ola bilər, təbii ki, biliyi, təcrübəsi yetərlidirsə.
- Amma diplomunu alan bir çox opera ifaçılarının dilindən eşidirik ki, onlar işsiz qaldığından məcburiyyət qarşısında başqa sahəni seçməli olurlar. Məlum məsələdir ki, ciddi musiqi ilə məşğul olan ifaçılar nadir hallarda qazanc məqsədilə toylara gedirlər.
- Bunlar çox təbii narazılıqlardır. Bir daha qeyd edirəm, bizim dövrümüzdə tələbələr ikiqat çox idi. Və onların arasından ən yaxşıları, ən istedadlıları seçilirdi. Məzunların sonrakı taleyini də konservatoriyanın kafedra heyəti təyin edirdi. Yəni tələbələrin istəyi ilə məsələ həll olunmurdu. Buraxılış imtahanında hər bir tələbənin imkanları müəyyən edilirdi. Hər bir məzunun səsi opera ifaçılığı üçün yetişməyə, gücü çatmaya bilər, gənclərimiz bunu qəbul etməlidir. Bu təhqir deyil, bu istedadla, səslə bağlıdır. Allah bu səsi sənə ya verib, ya da verməyib.
- Bir az öncə qeyd etdiniz ki, 15 ildir Opera və Balet Teatrının yanından belə keçmirsiz. 15 il əvvəl nə baş vermişdi ki?
- Bizim üçün bu artıq keçmişimizin bağlı bir səhifəsidir. Heç istəməzdim bu mövzunu müzakirə edək. Lakin opera rəhbərliyi bizə qarşı gözlənilməz bir haqsızlıq etdi və biz bu haqsızlığı qəbul etmədik, teatrdan ayrıldıq. Teatrın rəhbəri açıq-aşkar bildirirsə ki, sizinlə çalışmaq istəmir, nə edərsiz? SSRİ və Azərbaycanın xalq artisti Fidan Qasımova və xalq artisti Xuraman Qasımova 2005-ci ildə hələ təqaüd yaşına çatmadan teatrdan kənarlaşdırılsınlar... Bunu biz özümüzə bir təhqir kimi qəbul etdik. Bəllidir ki, bu, bizə qarşı qurulmuş xüsusi bir plan idi. Həmin siyahıda bizdən əlavə digər hörmətli sənətçiləri adı çəkilmişdi, bunlar Arif Babayev, Zeynəb Xanlarova, Canəli Əkbərov, Qəndab Quliyeva və biz, baxmayaraq ki, yaşca onlardan qat-qat kiçik idik. Direktor bu hərəkətlərini teatrın müqavilə sisteminə keçməsi ilə əsaslandırdı. Amma halbuki teatr bir neçə il öncə artıq bu sistemlə çalışırdı. Sizin qəzetinizdə bu əhvalat illər öncə çox ətraflı işıqlandırılmışdı. Bəlkə də digər həmkarlarımız teatrdan bu formada ayrılmaqları ilə razılaşdılar, amma biz razılşmadıq, təhqir, qısqanclıq əlaməti kimi qəbul etdik və bir daha o teatra girmədik, yanından belə keçmədik. Hazırda isə o teatrda hansı ab-hava var, bunu çox gözəl bilirik. Biz heç nə itirmədik, itirənlər onlar oldu. Hazırda pedaqoji fəaliyyətimizlə ciddi məşğuluq, BMA-nın professorlarıyıq, çox şərəfli və məsuliyyətli bir işdir... Teatrın rəhbərliyi fəxrlə deyirdi ki, “heç nədən qorxmuram, mən Müslüm Maqomayevi belə teatrdan uzaqlaşdırmışam, ona görə ki, teatra gəlmirdi”. Bununla fəxr etmək lazım deyildi. Müslüm Maqomayevin adı belə orda qalsaydı və yaxud bir portreti ordan asılsaydı, bununla yalnız qürur duymaq olardı. Sonra isə müdir utanmadan Maqomayevin vida mərasiminə getmişdi.
- Son vaxtlar Opera və Balet Teatrında gedən qalmaqallar da onu göstərir ki, bu cür proseslər hələ də davam edir. Sizcə, bunun qarşısını necə almaq olar?
- Bu teatrda bunun qarşısını almaq mümkün deyil. Çünki orda artıq belə bir şərait yaranıb və hətta çox dərinə gedib və bu da məni qətiyyən maraqlandırmır. Kimisə sevmirsənsə, evinə dəvət etmə, amma sənətkarın qazandığı uğurlara hörmət et. Sənət adamları çox həssas olur.
- Gənc ifaçı Gülşən İbadova ilə bağlı qalmaqal da xeyli müzakirələrə səbəb oldu.
xuraman qasimov3.jpg (178 KB)
Rəhbər istəsə sizi başüstə qəbul edər, dinlər, istəsə teatrdan kənarlaşdırar. Hətta istəsə bir əmri ilə bütün teatrın işçilərini belə üstümüzə qaldırar, məktublar, imzalarla və sairə yollarla. Mən, sadəcə, Gülşənin tələbə dostlarına üzümü tuturam: utanmırsız, özünüz ağır günlər yaşamısınız, nəyə və yaxud kimə güvənirsiz ki, qızı belə didirsiz? Axı siz tələbə dostları olmusunuz, birgə gülüb, əylənmisiniz. Ayıbdır və günahdır... Gülşənlə bağlı olan məsələ qalmaqal deyildi ki, qalmaqal bizimki idi. Gülşən heç o teatrda işləməyib, amma onun da başqa gənclər kimi orda işləməyə haqqı var. Çünki onun səsi başqalarının səsindən heç də geri qalmır. O da bacarıqlı bir qızdır, sadəcə, onun diplomu yoxdur. Mən 25 ildir ki, bu kafedranın rəhbəriyəm və bilirəm ki, o, operanın səhnəsində oxuya bilərdi, digərlərindən əskik deyil. Təsəvvür edin ki, teatrın yanından belə keçməyə layiq olmayanlar o teatrda çalışsın, amma Gülşən İbadova yox. Bəli, onun diplomu yoxdur, bunu dedi-qodu etmək lazım deyil. Mən onu xeyli danlamışam. Amma onun imkanı yox idi təhsil haqqını ödəsin. Heç bir yerdə işləməyən, ailəsi ağır durumda olan bir qız ildə 3 min manat akademiyaya təhsil haqqını necə ödəsin? Evdə ağır xəstəlikdən əziyyət çəkən kiçik bacısı var... Onun yerinə olsam, Bakıdan gedib təhsilimi başqa ölkədə yenidən alıb, bitirərdim, sonra işə başlardım.
- Xuraman xanım, düşünürəm ki, söhbətimizin ahəngini bir qədər dəyişib, keçmişə, yeniyetməlik, gənclik illərinizə nəzər salaq. Biz Xuraman Qasımovanı həm də filmlərdən də tanıyırıq. “Həyat bizi sınayır”, “Mən ki, gözəl deyildim” filmləri bu gün də maraqla izlənilir. Yaşlı nəslin dilindən tez-tez eşidirik ki, o zamanlar çoxları sizi filmdəki kimi “Cüllüt!” deyə çağırırmışlar...
- Bəli, o vaxtlar çox gənc idim, mənə “Cüllüt” ləqəbi vermişdilər (gülümsəyir). Sonra “Cüllüt” bir qədər böyüdü, dedi ki, mənim adım Lalədir... Bu, bir dövr idi. Kino sənəti çox gözəl sənətdir və heyfsilənmirəm ki, filmlərə çəkilmişəm. Çəkildiyim 3 filmə görə hətta diploma da layiq görüldüm. Hətta “Mən ki, gözəl deyildim” filmindəki Səidə obrazına görə Ümumittifaq Film Festivalında ən yaxşı aktrisa kimi birinci dərəcəli mükafata layiq görüldüm. Əgər mən ifaçılıq sənətini seçməsəydim, çox böyük güman ki, incəsənətin hansısa sahəsində fəaliyyət göstərəcəkdim.
- Sovet dövrünü yaşamış bir çox insanlar hələ də o ideologiyanın təsirindən ayrıla bilmir, bəzən türk olduğundan sanki utanır, özünü türk hesab etmir, bəzən də həmin ideologiyanın yenidən bərpa olunmasını istəyirlər.
- Sözün düzü, bəzən o dövr üçün darıxıram. O dövrün də çox gözəl göstəriciləri olub, bu dövrün də. Mədəniyyətimiz çox zəngindir, ona görə onu yetərincə təbliğ etmək lazımdır. Bu dövrü müqayisə etsək, indi müxtəlif ölkələrin nüfuzlu televiziya kanallarını izləyəndə görürük ki, onların musiqiçiləri hər zaman yeni proqramlarla çıxış edirlər. Bizdə isə bu təbliğat işləri hələ ki çox zəif aparılır, hələ yüksək səviyyədə deyil. Ümid edirəm ki, bu da düzələr... Dünyada əsərləri yüksək səviyyədə təqdim etməyə çalışırlar. Bizim teatrda isə əsərlərdən bəzən ariyaları belə çıxardırlar. Bəzən eşidirəm ki, opera teatrında bir əsər tamaşaya qoyulur, premyerası keçirilir, üç aydan sonra yenə tamaşa təqdim olunur və yenə də premyera sözü yazılır, daha üç aydan sonra eyni proses baş verir. Əgər tamaşada aktyorlar dəyişibsə, yazılmalıdır ki, yeni aktyorların ifasında. Eyni tamaşanı hər üç aydan bir premyera kimi təqdim etmək olmaz ki. Niyə bu cür şişirdirlər ki? Məgər Pavarottini təqdim edəndə deyirlər ki, xalq artisti Pavarotti? Sadəcə, deyirlər ki, “oxuyur Pavarotti”. İndi siz xalq artisti Xuraman xanım deyə müraciət edə bilərsiz, sadəcə olaraq, Xuraman xanım da. Tanıyan onsuz da tanıyır...
1793 dəfə oxundu