“Bozbash Pictures”in “Fəlakəti” xəstəxanalıq oldu
“Bütün çəkilişlərimiz təxirə salınıb”.
“Bozbash Pictures” layihəsinin tanınmış aktyoru Elşən Orucov (red. “Fəlakət” obrazı ilə tanınan) İsmayıllı rayonunda çəkiliş zamanı xəstəxanalıq olub. Bu barədə Oxu.Az-a İsmayıllı sakinləri məlumat veriblər.
Məsələ ilə bağlı “Bozbash Pictures” layihəsinin rəhbəri İlkin Həsəni Oxu.Az-a hadisəni təsdiqləyib. O bildirib ki, “Axırıncı yol” adlanan kinokomediyanın İsmayıllı rayonunda baş tutan çəkilişi zamanı Elşən Orucovu kəskin sancılar tutub: “Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlər aktyora ilkin tibbi yardım göstəriblər, daha sonra o təcili tibbi yardım avtomobili ilə Bakıya çatdırılıb”.
İlkin Həsəni qeyd edib ki, hazırda “Fəlakət” paytaxtda özəl klinikaların birindədir: “Həkimlər onu müayinə edirlər. Müayinədən sona məlum olacaq ki, nəyə görə “pristup” tutub, xəstəliyin diaqnozu bilinəcək”. İ.Həsəninin sözlərinə görə, hazırda hadisə ilə əlaqədar bütün çəkilişlər təxirə salınıb: “Kinokomediyanın çəkilişlərinin bitməsinə iki-üç gün qalmasına baxmayaraq hadisə ilə əlaqədar “Bozbash Pictures” paytaxta qayıdıb. Bütün çəkilişlərimiz təxirə salınıb”.
1512 dəfə oxundu